Bakının Suraxanı rayonunda yaşlı qadınların evinə maskalıların basqını ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Rayon Polis İdarəsindən bildirildi ki, tutulan Bakı sakinləri Vaqif Əsədzadə və Umud Sultanov evə necə soxulmaları barədə istintaqa ifadə veriblər.
Dekabrın 24-ü maska taxaraq Əmircan qəsəbəsi, Sabir küçəsində yaşayan 72 yaşlı Kəmalə Şıxıyevanın evinə basqın planının rəhbəri Vaqif Əsədzadə olub: "Kəmalə mənim bibimin qaynanasıdır. Bilirdim ki, evdə 5000 manat var. Umud Sultanovla plan quraraq evə girmək qərarına gəldik. Saat 3-də evə gedərək qapını döydüm. Kim olduğumu soruşduqda isə "məni tanımırsan” deyərək onu aldatdım. Bu zaman Umud evin pəncərəsindən artıq evə girmişdi. Kəmalə məni tanışı bilərək qapını açan kimi dəmir linglə başına zərbə vurdum”.
Bu zaman səsə Kəmalənin yaşlı bacısı 64 yaşlı Sənubər yuxudan oyanıb və onu da linglə vurublar. Qadınlar huşlarını itirəndən sonra evi axtaran maskalılar mənzildən heç nə tapa bilməyiblər.
Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb və başlarına tikiş qoyulub.
Qeyd edək ki, V.Əsədzadə Kəmalənin gəlininin qardaşı oğludur.