Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » “Jurnalistlərə kredit vermək qadağandır”
17:03
“Jurnalistlərə kredit vermək qadağandır”

Banklar əksər peşə sahibləri üçün kredit kampaniyası keçirirlər, mətbuat işçilərinə isə... 

Son vaxtlar banklar pul və istehlak kreditlərini tez-tez reklam edirlər. Hətta iş o yerə çatıb ki, yaxın vaxtadək 1000 manat kredit üçün xeyli sənəd tələb edən, şərt qoyan bəzi banklar artıq iş yerindən arayış, Bakı qeydiyyatı və əməkhaqqı məbləği kimi əsas şərtlərdən də imtina ediblər.  Çünki Azərbaycan dünyada bank kreditlərinin son dərəcədə yüksək olduğu ölkələrdəndir. Burda adi kreditləri ortalama 30 faizlə, üstəlik, uzun müddətə yox, qısa müddətə verirlər. 

Banklar ayrı-ayrı əhali kateqoriyası üçün asan şərtlər irəli sürsələr də, nədənsə mətbuat işçiləri buraya aid edilmir.

Jurnalistlər kredit ala bilmədiklərini deyirlər

Sosial şəbəkədə həmkarlarımız arasında keçirdiyimiz sorğu paradoksal vəziyyəti aşkarladı. Məlum oldu ki, banklar jurnalistlərə nəinki asan şərtlərlə kredit verir, əksinə bundan imtina etməyə çalışırlar. 

Bəkir Nərimanoğlu: "Jurnalistlərə kredit verməkdən boyun qaçırırlar. Bəhanə olaraq deyirlər ki, gərək sizin müəssisə ilə bank arasında müqavilə bağlansın. Qəribədir, ölkədə yüz minlərlə müxtəlif təyinatlı qurum, 43 bank var, belə çıxır ki, vətəndaşlar kiçik məbləğdə kredit götürmək üçün ölkə üzrə mövcud olan yüz minlərlə idarə, müəssisə, təşkilatla 43 bank arasında ümumilikdə milyonlarla müqavilə bağlanıb qurtarmasını gözləməlidir. Özü də dünyada ən soyğunçu şərtlərlə - 30 faizlə kredit almaq üçün”. 

Elman Cəfərli: "Bir neçə banka - "Kapitalbank”, "Kreditbank”, "Bank of Baku”ya müraciət etdik vermədilər. "Kreditbank”da dedilər ki, jurnalistlərə etibar yoxdur. Reklamlarda hamısı deyir ki, arayışsız, Bakıda qeydiyyat tələb olunmadan hər kəs kredit götürə bilər, amma reallıqda belə deyil”.

Xaqani Səfəroğlu: "Banklar KİV-i saymırlar. Neçə banka kredit üçün müraciət elədim, vermədilər. Almaniya kapitalı ilə qurulan bankın bəh-bəhli reklamı gedir: "Gəlin sizə kredit verək”. Getdim. Kredit verdikləri təşkilatların, nazirliklərin siyahısını qoydular qarşıma. Bu idarələrdə işləməyənlərə kredit verilmir… Bütün sənədlərin, əməkhaqqım qaydasında, amma dedilər ki, jurnalistlərə kredit verməyi bank rəhbərliyi qadağan edib”. 

Problem yoxdur?

Banklarsa problem yoxdu deyirlər. "Unibank”dan bizə bildirdilər ki, bütün vətəndaşlar, eləcə də, jurnalistlər nağd kredit götürə bilərlər. 

Kreditin maksimal məbləği 5 000 manat, müddəti 30 aya qədər, aylıq faiz dərəcəsi 2.5% təşkil edir. Ərizəçinin minimal əmək haqqı tələbi yoxdur, Bakı qeydiyyatı mütləq deyil, ödəmə forması annuitet (hər ay bərabər hissələrlə), krediti tələb etmək üçün minimum yaş həddi  20 yaş, kreditin qurtarma müddətinə isə maksimum 65 yaşdır.

"Bank of Baku”dan dedilər ki, müxtəlif peşə kateqoriyaları üçün ayrıca kredit kampaniyaları var. Məsələn, DİN əməkdaşları, gənc menecer və mütəxəssislər, təhsil işçiləri, tələbələr, tibb işçiləri, təqaüd alan müəllimlər, sərbəst peşədə çalışanlar üçün kampaniyalar var: "Mətbuat işçiləri üçün belə kampaniya yoxdur, amma tələb olunan sənədləri təqdim edən jurnalistlər bankdan kredit götürə bilir”.

Ekspert: "Azərbaycanda girovsuz kredit təklif olunmur”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov jurnalistlərə kredit verilməməsinin əsas səbəbini bankların kredit ayıran zaman adətən, vəsaiti daha az riskli istiqamətlərə yönəltməyə çalışması ilə izah edir: "Banklar krediti qaytarmaq qabiliyyəti yüksək olanlara verməkdə maraqlıdır. Jurnalistlərə kredit verməmələrinin bir səbəbi onunla bağlıdır ki, jurnalistlərin əməkhaqqı aşağıdır. 

İkinci tərəfdən, mətbuat orqanlarının çoxunda jurnalistlərlə əmək müqavilələri bağlanmır, sosial ödənişləri yoxdur. Bir çox hallarda banklar qəzetlərlə bağlı uzunmuddətli proqnozlar verə bimir, tez-tez hansısa qəzet maliyyə böhranına düşür, bağlanır, ya da jurnalistlər işdən çıxarılır və s. Ona görə də, qəzetlərin maliyyə mənbələrinin sabit və uzunmuddətli olmamasını nəzərə alırlar”.

Ekspert deyir ki, buna baxmayaraq, jurnalistlərə qarşı diskriminativ yanaşma məqbul deyil: "Heç olmasa, rəsmi qəzetləri, uzunmüddətdən bəri fəaliyyət göstərən stabil və nüfuzlu KİV-ləri nəzərə almalıdırlar”.

Mütəxəssis hesab edir ki, kredit istəyən jurnalistin çalışdığı redaksiya ilə bank arasında müqavilənin olması tələbi anormaldır və qanunvericiliyə ziddir: "Qanunvericiliyə görə, belə müqavilə şərt deyil. Bu gün ölkədə banklarla müqaviləsi olmayan çox sayda şirkət var ki, onların əməkdaşları qarşısında tələb qoyulmur. 

Məsələn, iri neft şirkətlərinin heç də bütün banklarla müqaviləsi yoxdur, uzağı bir bankla ola bilər. Amma onların əməkdaşları asanlıqla istəniən bankdan kredit götürürlər. Bizim kommersiya banklarının bu tip şərtləri hardan çıxardıqları maraqlıdır. Bunun nə hüquqi, nə iqtisadi əsası var”.

"Bu, cəmiyyətin rüşvətə nə qədər öyrəncəkli olmasını göstərir”

İqtisadçı Nazim Məmmədov deyir ki, qanuni əməkhaqqı ilə yanaşı qeyri-qanuni gəlir yeri olduğu açıq bilinən kateqoriyalara kredit verməkdə problem görmürlər, çünki onların yüksək ödəmə qabiliyyətinə malik olduqlarını bilirlər: "Polislərə isə aldıqları maaşlardan əlavə "gündəlik gəlirləri” olan kateqoriyadan olan peşə işçiləri kimi və "etimadlı” müştəri kimi davranmaqları cəmiyyətin rüşvətə nə qədər öyrəncəkli olmasının indikatoru demək mümkündür”.

İqtisadçı deyir ki, MDB məkanında ən yuxarı faizlə kredit verən Azərbaycan bankları alternativ olmadığından və əhalinin ehtiyacından istifadə edib qısa müddətdə daha çox pul qazanmağa çalışır: "Lakin bunu ağır şərtlərlə edirlər, çünki bilirlər ki normal rəqabət mühiti yoxdur deyə, vətəndaşlar bu ağır şərtləri qəbul edəcəklər”.

"Jurnalistlərin maaşı aşağı olduğuna görə vermirlər”

Bank üzrə ekspert Vüsal Səlimovun fikrincə, banklar hər kəsə gəlirinə və ödəmə qabiliyyətinə görə kredit verirlər: "Yəqin ki, jurnalistlərə aşağı maaş aldıqlarına görə kredit vermirlər. Bu məsələ hər bir bankın daxili qaydasıdır və ya kredit verməmək üçün bəhanəsidir. Müştəri münasibətlərində "sənə kredit vermirəm” anlayışı yoxdur deyə ona dolayısı ilə "yox” deyirlər. 

Əgər sizdə əmək haqqını və digər gəlirləri təsdiqləyən sənədlər varsa, ya da müsbət kredit tarixçəsinə maliksinizsə, deməli, bankın sizə - müştəriyə kredit verməkdən imtina etməsi anormaldır. Düzdür, digər qaydalar da var ki (şəxsi keyfiyyət, maliyyə riski və s.), kredit verilməsinə təsir edir, amma əsas vacib olanı gəlirlərin təsdiqidir”.

Mütəxəssis deyir ki, bank yüksək maaşlı və nüfuzlu yerlərdə işləyən vətəndaşlara kredit verməkdə ona görə meyillidir ki, bununla öz riskini sığortalayır: "Əgər  həmin müştərilər krediti ödəməkdən boyun qaçırsalar, onlardan həmin krediti almaq çox asandır. Yəni məhkəmə yolu ilə kredit ödənişini əmək haqqına yönəltmək olur. Amma indiki variantda böyük strukturları olan banklarda belə düzgün tənzimləmə sistemləri qurulmayıb. Sizə imtina edənlər adi kredit mütəxəssisləridir. Belə hallarda rəhbərliyə şikayət etmək lazımdır”. 

Banklarla müəssisələr arasında müqavilə tələbi məsələsinə gəldikdə, ekspert deyir ki, bu, əsaslı deyil: "Belə müqavilələr var. Amma onlar konkret güzəştləri nəzərdə tutur. Məsələn, girovsuz və zaminsiz kredit verilməsini. Bunu kredit götürmək üçün tələb kimi qoymaq qanuni deyil”.
Category: XƏBƏRLƏR | Views: 678 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 18.04.2024, 22:52
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012