Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » "Özündən sonra yaratdığı təsirə baxıb aksiyanı qiymətləndirmək lazımdır"
10:55
"Özündən sonra yaratdığı təsirə baxıb aksiyanı qiymətləndirmək lazımdır"

"Media forum” saytı oxucularının suallarını ilahiyyatçı Taleh Bağırov cavablandırır.

Taleh Bağırov 1984-cü ildə Bakıda anadan olub. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-ci ildən 2010-cu ilədək İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ilin noyabr ayında azadlığa buraxılıb.

Ülvi Rüstəmov: İslamçı partiya qurmaq, siyasətə qoşulmaq fikriniz varmı?

Cavab: Ümumiyyətlə, hələ belə bir fikrimiz yoxdur, ancaq ölkədə baş verən ictimai-siyasi məsələlərə də biganə deyilik.

Məhəmməd İsmayılov, hüquqşünas, Bakı şəhəri: Ruhani kimi yetişməyinizdə şəxsən kimdən ilham almısınız?

Cavab: İslam dininin görkəmli alimlərinin ibrətamiz həyat tərzindən, xüsusilə Əhli-Beyt əleyhimussalamdan.

Səməd Səmədov, İqtisadiyyat Universitetinin tələbəsi, Sumqayıt şəhəri: Çoxları düşünür ki, Azərbaycandakı şiə cəmiyyətini İran idarə edir. Belə düşünən insanlara cavabınız nə olardı?

Cavab: Bu, çox absurd bir fikirdir. Şiə cəmiyyəti Azərbaycanda beş-üç nəfərdən ibarət deyil. Nəzərə alsaq ki, xalqın böyük əksəriyyəti şiə əqidəli insanlardır, bu fikrin səsləndirilməsi xalqın adını ləkələməkdən başqa bir şey deyil.

Maqsud Cavadov, Müasir İslami Təfəkkür İnstitutu, jurnalist və tədqiqatçı, Kanada: Azərbaycanda islami hərəkatın ictimai-iqtisadi proqramı nədən ibarətdir? Əgər o proqram indi nəzəriyyə şəklində mövcud deyilsə, islami fəallar o proqramı yaratmaqla əlaqədar bir iş aparırmı? Bu proqram ictimaiyyətə nə zaman təqdim oluna bilər?

Cavab: Bu nəzəriyyə artıq mövcuddur, sadəcə müəyyən səbəblər üzündən hazırda ictimaiyyətə təqdim olunmur.

Abdullah Hüseynzadə: Məgər hicabı müdafiə etməklə yanaşı narkomaniya və digər öldürücü problemlərimiz üçün aksiya keçirmək vacib olmayıbmı? Yenicə əsgərimizi döyüb öldürdülər. Axı bunlar da hicab və məscid qədər, bəlkə onlardan da vacib məsələdir...

Cavab: Mətbuatı izləsəniz görərsiniz ki, ruhanilər əsgər ölümü ilə bağlı məsələyə də münasibət bildiriblər və əsgər ölümü ilə bağlı aksiyanı inanclılar təşkil etməsə də, aksiyada inanclı insanlar iştirak ediblər. Biz inanclılar başqaları kimi deyilik, dini dəyərlərdən əlavə xalqın ümumi problemlərinin çözülməsi istiqmətində atılan bütün addımlara da dəstək veririk.

Sahib: Hacı Taleh öz çıxışlarında İmam Hüseyndən çox sitat gətirir, getdiyi yolun İmam Hüseyn yolu olduğunu deyir. Amma o, cəmiyyətdə onun kimi düşünməyən möminlərə qarşı kəskin ifadələr işlədir, hətta onları dindən çıxmış kimi qələmə verərək tövbə etməyə dəvət edir. Yəqin ki, Hacı Taleh nəyə işarə elədiyimi yaxşı başa düşür. Soruşmaq istəyirəm ki, onun bu mövqeyi də İmam Hüseyn yoludur? Bildiyimiz qədər İmam Hüseyn onun kimi düşünməyənləri təhqir etməyib. Yaxud Kərbəlaya gedəndə yolda ona qoşulmayanları təhqir etməyib, tövbə etmək göstərişi verməyib. Hətta İmam Hüseynin öz qohumları ona məsləhət edirdilər ki, Kərbəlaya getməsin. O həzrət demirdi ki, siz dindən çıxmısınız. Bunu necə izah edərdi?

İkinci sualım odur ki, Hacı Taleh hicab probleminin həlli yolunu nədə görür? Şüar deməklə iş həll olunmur. Konkret addım? Əgər konkret addım aksiyadırsa, niyə çağırış etmir? Yox, əgər o deyilsə, nədir bəs? Elə ancaq danışıb "biz qorxmuruq” demək?

Cavab: Biz çıxışlarımızda, yazılarımızda heç kəsi dindən çıxmış kimi qələmə verməmişik. İlk öncə təhqirlə tənqidi ayırmaq lazımdır. Tövbəyə gəldikdə isə deyə bilərəm ki, görünür, Sahib bəyin Kərbəla tarixindən yetərincə məlumatı yoxdur. İmam Hüseynin Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya qədər olan səfəri zamanı etdiyi çıxışlarında haqqı və dini dəyərləri müdafiə etmək, zülmün qarşısında dayanmaq, hətta ölüm bahasına olsa da zalıma baş əyməmək dərsləri görürük. Bundan əlavə tarixdə İmam Hüseynin xüsusilə Bəni-Haşimə məktubu qeyd olunub, həmin məktubu oxusanız, ümidvaram suallarınıza cavab taparsınız. Əgər kimsə İmam Hüseynin düşüncələrinin qarşısında Yeziddən alternativ yol olaraq xahiş və ya rəhm umardısa, heç sübhəsiz, imam onu bu işdən çəkindirməklə yanaşı tövbəyə dəvət edərdi. Buna sübut olaraq İmam Hüseynin şüarlarını nümunə göstərmək olar. "Zillətlə yaşamaqdansa, izzətlə ölmək daha şərəflidir”.

İkinci sualın cavabına gəlincə, biz hicab probleminin həlli istiqamətində müqəddəs "Qurani-Kərim”in göstərişlərinə və Əhli-Beytin davranışlarına uyğun addım atırıq. Alternativ yol varsa, buyurun, Sahib bəy. Ancaq bir şərtlə: dəlil-sübut əsasında. Dəlilləriniz Allahın kitabına və Əhli-Beytin yoluna uyğun olsun. Bu soyuq küləyin hansı istiqmətdən əsdiyinin fərqindəyəm. Bəli, hər yerdə demişik, indi də deyirik: biz orta məktəblərdə hicabı qadağan edən qüvvələrdən problemin həlli ilə bağlı heç bir xahiş etməyəcəyik.

Məsələyə iki aspekdən yanaşmaq imkanımız var: islami və dünyəvi prinsiplər əsasında. Xahiş nə dünyəvi uyğundur, , nə də islami prinsiplərə. Əgər qanunvericilikdə belə bir qadağa yoxdursa, demək, bu, özbaşınalıqdır. Vətəndaş hakimiyyətdən xahiş etməməlidir. Hakimiyyət qanunsuzluğun aradan qaldırılmasında maraqlı olmalıdır. Yox, əgər biz məsələyə islami prizmadan baxırıqsa, yenə də xahişə yer yoxdur.

Ramin Bayramov, Bakı: Hökumət Azərbaycanda nə AXCP-yə, nə Müsavat Partiyasina, nə də islamçı qüvvələrə telekanal açmağa imkan verir. Bunu nə ilə əlaqələndirirsiz?

Cavab: Söz və ifadə azaqlığının olmadığı bir ölkədə bu, təəccübləndirici hal deyil. Mən bunu konkret olaraq informasiya blokadası kimi xarekterizə edirəm.

Samir Abbasov, Bakı: Siz ildə bir dəfə hicab aksiyası keçirməklə hicab problemini həll etmək istəyirsiniz? Yoxsa bununla özünüzü gündəmdə saxlamaq niyyətindəsiniz? Yaxud "etiraz etdik” görüntüsü yaradırsınız?

Cavab: Samir bəy, birincisi, hicab aksiyasını mən keçirmirəm, diqqətli olaq bir az. Biz bu aksiyalara, təbii ki, dəstək veririk. Orada iştirak edənlərin hamısının adı Taleh Bağırov deyildi. Görüntü yaratmaq istəyən qüvvələr isə məlumdur.

İldə bir dəfə keçirilən aksiya sadəcə bir günlük, bir neçə saatlıq baş verib bitmiş bir hadisə deyil. Onun özündən sonra yaratdığı təsirə baxıb aksiyanı qiymətləndirmək lazımdır. Bu etiraz aksiyaları, xüsusilə 2012-ci ilin 5 oktyabr aksiyası özündən sonra bir çox məsələyə baxış bucağını dəyişdi. Belə ki, 2003-cü ildən bu yana hakimiyyəti ayaqda saxlayan polis qorxusunu aradan apardı, onların "müqəddəslik”, "toxunulmazlıq” bütünü sındırdı. Bundan əlavə, hicab qadağasına etiraz mövzusunun gündəmdən düşmədiyini, inanclıların bu problemi unutmadıqlarını və məsələnin həllində israrlı olduqlarını göstərdi. Bu aksiya nəinki təkcə ölkə gündəmini dəyişdi, həm də ölkə sərhədlərindən kənarda əks-səda doğurdu. Siz dünya mediasını izləsəydiniz, görərdiniz ki, hətta ABŞ kimi bir dövləti təmsil edən media orqanı yazır: "Bakıda hicab qadağasına etiraz edən müsəlman aktivistlər polislə toqquşdu”. Bu qədər sadə. Əlavə don geyindirməyə ehtiyac yoxdur. Sizi narahat edən nədir? Hicabı müdafiə edənlər, yoxsa qadağa qoyanlar?..

Müəllim, Bakı: Dindar kəsimin İran vurğunluğunun səbəbi nədir? İran ölkədəki 30 milyon azərbaycanlının milli hüquqlarını total şəkildə pozur, Azərbaycan Respublikası ilə düşmənçilik edir, amma dindar kəsim Xamneyini özünə mənəvi-siyasi lider sayır...

Cavab: İrandakı 30 milyon azərbaycanlının hüquqlarının bərpa olunmasını biz də istəyirik və tezliklə bunun həll olunacağına ümid edirik.

Dindar kəsim İranın deyil, islamın vurğunudur. Bu vurğunluq heç bir sərhəd tanımır. Qeyd etmək yerinə düşər ki, 2010-cu ildə ayətullah Xamneyi Qum şəhərində xarici tələbələrlə görüşündə açıq şəkildə ifadə etdi ki, siz öz ölkənizə getdikdən sonra İran İslam Respublikasını deyil, islamı təbliğ etməlisiniz.

Həm də bildirim ki, ayətullah Xamneyinin bir tərəfi azərbaycanlıdır. O, İranda deyil, İraqda, Suriyada və yaxud Türkiyədə yaşamış olsaydı, yenə heç nə dəyişməyəcəkdi. Yəni bir alimə kiminsə bağlılığı varsa, bunu məkanla əlaqələndirmək düzgün deyil. Ayətullah Xamneyi dünya müsəlmanlarının lideridir, nəinki İranın. Biz də onu heç bir ölkə ilə məhdudlaşmayan dini lider kimi qəbul edirik. Onun kimi dini liderimiz olduğuna görə fəxr edirik.

Kamran, Bakı: Azərbaycanda islamın siyasi platformaya çevrilməsi, Türkiyənin Ədalət və İnkişaf Partiyası tipində siyasi partiyanın yaranması mümkündürmü?

İkinci sualım. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Həmin ərazilər müsəlman torpaqlarıdır, orada məscidlər dağıdılıb. İslam ölkəsi olan İran isə Ermənistana kömək edir. Bundan başqa, İran Azərbaycana narkotiklər göndərir, müxtəlif təxribatlar törədir. Sizcə, İranın Azərbaycana qarşı belə düşmən mövqe tutmasının səbəbi nədir?

Üçüncü sualım. Dindarlar Azərbaycanın dünyəvi idarəçilik və dövlət quruluşunu necə qiymətləndirirlər?

Cavab: Dünyada baş verən dəşikliklərin necə sürətlə getdiyinin və gözlənilməz hadisələrin şahidiyik. Bunu zaman göstərər. İndi fikir söyləmək çətindir.

İkinci sualın cavabına gəlincə, bəli, Ermənistan Azərbaycan torpağlarının 20 faizini işğal edib. Biz əsas diqqətimizi bu gün təcavüzkar Ermənistanın üzərində kökləməliyik və torpağlarımızın işğaldan azad edilməsi yollarını düşünməliyik. BMT-də Azərbaycanın ərazi bütövlüyünü İran İslam Respublikası təsdiqlədiyi halda Azərbaycan hakimiyyətinin sıx əlaqələr qurduğu ABŞ, İsrail bu məsələdə bitərəf qalmışdı.

İranın Azərbaycana narkotik göndərməsi barədə əlimdə heç bir sübut yoxdur. Əgər sizin əlinizdə bu cinayətə dair faktlar varsa, yubanmadan hüquq mühafizə orqanlarına təqdim edin.

Sonuncu sualla bağlı bunu deyim ki, biz dünyəvi dövlət prinsiplərinin əleyhinə deyilik. Sadəcə, dünyəvilik prinsipləri ilə dinsizliyi yanlış anlayanlar var. Dünyəvilik dedikdə dinsizlik başa düşülməməlidir. Azərbaycanda dindarların fundamental hüquqları kobud şəkildə pozulur. Bəli, biz belə dünyəvilik prinsiplərinə qarşıyıq.

Kamilə, Bakı: Ölkəmizdə Quzey Azərbaycanı İran ərazisi hesab edən dindarlar var. Siz nə fikirdəsiz?

Cavab: Ölkəmizin torpaqlarının 20 faizi işğal altında olduğu halda Quzey Azərbaycan məsələsini problem kimi qabartmaq yersizdir. 1992-ci ildə hakimiyyətin Ermənistanla müharibə şəraitində bu məsələni qabartması da yanlış idi. Bundan əlavə, Azərbaycanın qədim torpaqları təkcə İran ərazisində deyil. Əgər problem torpaq problemidirsə, onda Rusiya, Gürcüstan və Ermənistanda olan tarixi torpaqlarımızın da məsələsini qaldırmaq lazım olardı. Görünür ki, bu məsələni qabartmaqda başqa maraqlar, dəqiq desək, Qərbin istəyi var.

Ziba, Bakı: Azərbaycanda dini radikallaşma təhlükəsi görürsüzmü?

Cavab: Azərbaycanda dini radikallaşma yox, dini radikallaşmaya səbəb olacaq yersiz qadağalar və hüquq pozuntuları görürəm.

Mübariz, Bakı: Sizcə, hakimiyyətin dindar kəsimə qarşı zorakı mövqeyi hansı mənfi nəticələrə gətirib çıxara bilər?

Cavab: Ən azı radikallaşmaya səbəb olacaq və ondan doğan nəticələrə gətirib çıxara bilər.

Aygül, Sumqayıt şəhəri: Əksər müsəlman kişisi Allah-təalanın birinci Adəmi yaratmasını, yer üzündəki bütün peyğəmbərlərin kişi olmasını, yaxud "Quran”da kişilərə daha çox üstünlük verilməsini əsas götürüb qadınları aşağılayır, hətta fiziki və mənəvi zorakılığa məruz qoyurlar. İlahi ədalət budurmu?

Cavab: İslam heç bir zaman nəinki qadına qarşı, heç bir canlıya qarşı zorakılığı dəstəkləməyib. Əksinə, islam dini qadına daha çox önəm verir. Peyğəmbər buyurur: "Cənnət anaların ayaqları altındadır”. Kimlərinsə qadınları fiziki və mənəvi zorakılığa məruz qoyması islamın adına yazılmamalıdır.

Ümumilikdə, islamda qadın və kişi hüquqları bərabərdir. Bu məsələdə diqqət olunmalı məqam budur ki, islam həm kişinin, həm də qadının potensial imkanlarını hesablayaraq onların hüquqlarını təmin edir. Buna cihad hökmünü misal gətirmək olar. Qadınların cihad potensialı aşağı olduğundan onlara bu hökm aid edilmir. Tarixdə qeyd olunur ki, cihad zamanı qadınlar islam peyğəmbərinin yanına gəlib qadınların cihada getmələri barədə soruşduqda peyğəmbər onlara buyurur ki, sizin cihadınız ailənizə xidmət etməyinizdir.
Category: XƏBƏRLƏR | Views: 508 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 29.03.2024, 12:23
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012