"Azad Suriya ordusu”nun silahlı birləşmələri bir neçə gün davam edən şiddətli döyüşlər nəticəsində Dəməşqin cənubunda yerləşən Fələstin qaçqınlarının "Yarmuk” düşərgəsini ələ keçiriblər. Bu barədə APA "Röyter” agentliyinə istinadən xəbər verir. "Düşərgə tamamilə "Azad Suriya ordusu”nun nəzarəti altındadır”, deyə agentliyin mənbəsi bildirib. Mənbə qeyd edib ki, hökumət qüvvələrini dəstəkləyən qaçqınlar düşərgədən qaçmağa müvəffəq olub. Xatırladaq ki, bir neçə gün düşərgə ərazisində şiddətli döyüşlər gedirdi. Düşərgə sakinlərinin bir hissəsi üsyançıları, qalan hissəsi isə hökumət qüvvələrini dəstəkləyirdi. Suriya aviasiyası düşərgəyə iki raket zərbəsi endirmişdi, raketlərdən biri məscidə tuş gəlmişdi, nəticədə orada gizlənən ən azı 25 Fələstin qaçqını həlak olmuşdu.
|