Dekabrın 19-u Bakıda keçirilən "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzulu beynəlxalq forumda danışan İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad deyib: "İnsanlar bir qadın və kişidən yarandığı kimi bu gün də bir yerdə yaşamağa məcburdur. İslamın ən gözəl göstərişlərindən biri insanların bir arada yaşamasına göstərişdir”. O, "Quran”dan misal gətirərək Allaha şərik qoşmamağa çağırıb: "İslam dinini olduğu kimi catdırmaq üçün silahdan istifadə etmək çox böyük səhvdir, sülhlə yaşamaq istəyi ilə düz gəlmir”. Küveytin vəqflər və islam işləri nazirinin müavini Adel Abdullah əl-Fəlah çıxışında deyib ki, dinlərarası ixtilaflar insanlara yaxşılıq gətirməyib: "Xoşgörülük və bağışlamaq ən fəzilətli islam yollarından biridir”. Qonaq qeyd edib ki, Azərbaycanda heç bir dini qarşıdurma və münaqişənin olmaması xoş təəssürat yaradır. Misirin vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd cıxışında qeyd edib ki, islam dininin əsas sütunlarını sülhlə yaşamaq təşkil edir: "Cox düşməni olmasına baxmayaraq müsəlmanlar islam dininin bu sütunlarını qoruyub”. Nazir müavini dinlərarası, millətlərarası, insanlararası dialoqun da vacib olduğunu deyib: "Allah-təala öz yaratdıqları ilə danışır, dialoq qurur”.
|