Kanada İranın "Xalq Mücahidləri" silahlı qrupunu (Mücaheddini-Xalq) terrorçu təşkilat siyahısından çıxarmağa qərar verib. Eyni zamanda rəsmi Ottava İranın "Taliban" və "Həması" silahlandırdığını da iddia edib.
Məlumata görə, rəsmi Ottavanın bu qərarından sonra Tehran Kanadanı beynəlxalq öhdəliklərini pozmaqda ittiham edib. İran Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş açıqlamada bildirilir ki, bu, İrana qarşı çox böyük və təhlükəli ittihamdı.
İran rəsmiləri bildirib ki, bu ittiham nəinki dövlətlərarası münasibətləri, həmçinin beynəlxalq təhlükəsizliyi və sülhü şübhə altında qoyur. Rəsmi Tehran sözügedən silahlı qrupu on altı min İran vətəndaşının öldürülməsində və İslam Respublikasının bir neçə liderinə sui-qəsd təşkil etməkdə də ittiham edib.
Həmçinin bildirilir ki, təşkilat 1970-ci ildə İranda ABŞ vətəndaşlarını öldürüb və 1992-ci ildə ABŞ-ın bir neçə ştatında terror əməliyyatı həyata keçirib.
Məlumatda bildirilir ki, İran və İraqda hakimiyyətin şiələrin nəzarətində olduğu vaxtlar "Mücəheddini-Xalq" təşkilatı terrorçu təşkilat kimi tanınıb. 1979-cu ildə İranda inqilab baş verdikdən sonra İraqın sabiq prezidenti Səddam Hüseyn qrupun üzvlərinə İraqda sığınacaq verib. O, 20 il bundan öncə təşkilatdan İrandakı şiə inqilabını boğmaq üçün yardım almaq istəyib.
Xatırladaq ki, bu ilin sentyabr ayında ABŞ-ın da "Xalq Mücahidləri" qrupunu terrorçu təşkilat siyahısından çıxarması məsələsi gündəmə gəlmişdi. |