Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 23 » 2030-cu ilə hesablanmış qlobal dəyişikliklər - GEOSİYASƏT
13:15
2030-cu ilə hesablanmış qlobal dəyişikliklər - GEOSİYASƏT
2030-cu ilə hesablanmış qlobal dəyişikliklər - GEOSİYASƏT
«Alternativ dünyalar»: 2030-cu ilə hesablanmış qlobal dəyişikliklər


Bu günlərdə ABŞ-ın Kəşfiyyat məsələləri üzrə Milli Şurası Amerika dövlətçiliyinə təhlükə törədən «Qlobal trendlər 2030: Alternativ dünyalar» adlı növbəti hesabatını təqdim edib. Sənəddə Amerika kəşfiyyatının qarşıdakı 15-20 ildə dünyanın necə inkişaf edəcəyinə dair baxışları əksini tapıb. Ölkənin müxtəlif təhlil mərkəzlərində artıq müzakirəyə çıxarılmış hesabatda əsas diqqət isə dünya geosiyasətində qlobal dəyişikliklərin baş verəcəyinə dair fikirlərə yönəldilir. Mövcud rakusdan çıxış edən həmin mərkəzlərin bir qisminin politoloqları bildirirlər ki, perspektivdə ABŞ-ın dünya hegemonluğunun saxlanılması üçün effektiv tədbirlərin reallaşdırılmasına ehtiyac var. Digər qrup isə iddia edir ki, sənəddə göstərilmiş fatal dəyişikliklərin qarşısını almaq sadəcə mümkünsüzdür.

Hesabata şərh verən Beynəlxalq Məsələlər üzrə Şuranın (Council on Foreign Relations - CFR) rəyinə görə, Qərbin 1750-ci ildən başlanmış tarixi yüksəlişində tənəzzül müşahidə ediləcək və qlobal iqtisadiyyatda Asiyanın aparıcı rolu güclənəcək. Burada xüsusən də neyrosəhiyyənin inkişafı nəticəsində insanın süni orqanlarının hazırlanacağı, sürət və güc baxımından yeni insan irqinin formalaşacağı önə çəkilir.

«Qlobal trendlər 2030: Alternativ dünyalar»ın hazırlanmasında yaxından iştirak etmiş Atlantik Şura nəinki sənəddə əksini tapan məsələlərlə əlaqədar geniş konfrans düzənləməyi, eyni zamanda Birləşmiş Ştatların gələcək strategiyasına dair «Envisioning 2030: US Strategy for a Post-Western World» adlı təhlil hazırlamağı da irəli sürüb. Kəşfiyyat mülahizələrindən fərqli olaraq bu beyin mərkəzi Ağ Ev üçün əsasən altı istiqamətlə bağlı plan hazırlamağı nəzərdə tutur. Həmin istiqamətlər aşağıdakılardır:

- Daxildə dövlət quruculuğuna daha böyük diqqət yetirməklə xarici siyasətdə başlıca prioritetin qlobal kontekst olduğunu yaddan çıxarmamaq;

- Birləşmiş Ştatların dinamik, müəyyənləşdirilməmiş qlobal tendensiyalara qarşı fəal müdaxilə rolunu gücləndirmək. Əks halda bu inkişaf ABŞ üçün əlverişsiz istiqamət alacaq;

- Mövcud alyansların işinin dərinləşdirilməsinə dair daha çox birgə fəaliyyət formaları müəyyənləşdirməklə münasibətləri möhkəmləndirmək;

- 2030-cu ilədək olan beynəlxalq sistemdə Çin ilə əməkdaşlığı əsas və vahid faktor kimi gücləndirmək;

- XXI əsrdə qeyri-sabitliyin trayektoriyasına yaradıcı yanaşmaq - Şimali Afrikadan Pakistana qədər uzanan Böyük Yaxın Şərqə - ABŞ-ın strateji təhlükəsizliyinə və dünya düzəninə ciddi təhlükə törədən faktora xüsusi münasibət göstərmək.

ABŞ prezidenti Barak Obamanın və Atlantik Şuranın direktoru Frederik Kempin iştirak etdikləri məxfi iclasda ölkənin müəyyən siyasi qruplarının öz baxışlarını hakimiyyətlə bölmək istəməmələri vurğulanıb. F.Kemp çıxışında bildirib ki, Birləşmiş Ştatların tarixi böyük dövlətlər içərisində məxsusiliyi var. Bu məxsusilik özünün uzun müddətli maraqlarını təmin etmək naminə beynəlxalq sistemin formalaşdırılması prosesində ikinci şansa malik olmaqdan ibarətdir. Onun sözlərinə görə, heç bir millət qlobal gələcəyə amerikalılar qədər təsir göstərməyib.

Qeyd edək ki, «Global Trends 2025» adlı əvvəlki hesabat dörd il öncə dünya iqtisadi böhranının başlanğıc mərhələsinə qədəm qoyduğu dönəmdə hazırlanmışdı. Həmin vaxt yeni hakimiyyətlərin yüksəlişi, iqtisadiyyatın qloballaşması, varlılığın, iqtisadi gücün Qərbdən Şərqə tarixi keçidi və qeyri-hökumət subyektlərinin təsirinin artımı müşahidə olunurdu. İndiki analitik icmal isə hansısa mənada əvvəlki tezisləri özündə birləşdirir ki, bu cəhət hesabatın adından da bəllidir. Amma əgər ötən dəfə söhbət dəyişən dünyadan düşmüşdüsə, hazırkı status-kvoda çoxqütblü dünyanın formalaşma təmayüllərindən danışılır. Mövcud müddəa artıq heç kəsdə şübhə doğurmur. Ümumənsə, yeni hesabat keçmişdəki işlərin nəzərə alınması ilə dünyanın gələcək konturlarının cızılmasına yönəlmiş beşinci cəhddir.

Sənədin preambulasında göstərilənlərdən məlum olur ki, müşahidəçilər növbəti onilliklər ərzində nəzərə çarpması daha çox ehtimal edilən problemlər üzərində dayanıblar. Bunlar hansılardır, diqqət yetirək:

- Beynəlxalq sistemdə ABŞ-ın mövqeyinin böyük həcmdə özünü göstərməsi: məruzənin əsas bəndlərindən biri ondan ibarətdir ki, Birləşmiş Ştatların rolunun aşağı düşəcəyinə və ya qəti şəkildə təsdiqlənəcəyinə digər dövlətlər necə reaksiya göstərəcəklər? Tədqiqat müəllifləri hər iki variantı hesablayıblar;

- Beynəlxalq münasibətlər sistemində mərkəzi rütbələrin düzgün anlaşılması: əvvəlki tədqiqat işi qeyri-dövlət aktyorlarının tədricən yüksəlişini nəzərdə tuturdu. Amma dövlətin qeyri-dövlət subyektləri ilə müqayisədə hansı rolunun olacağı dəqiqləşdirilmirdi. Mövcud anlamda müşhidəçilərin ehtimalına görə, ABŞ idarəçilik dinamikasını gücləndirəcək və müxtəlif aktyorlar spektrindəki çətin qarşılıqlı münasibətlərdən öz mənfəətini qazanacaq;

- Zamanın və sürətin düzgün başa düşülməsi: əvvəlki hesabat vektorun istiqamətini düzgün görürdü - Çin güclənəcək, Rusiya zəifləyəcək (sənəddə məhz belə göstərilmişdi). Ancaq Çinin hegemonluğu gözlənildiyindən də artıq tempə malik olacaq. Halbuki öncəki dörd icmalda müəlliflər dəyişikliklərin tempinin aşağılığına söykənirdilər;

- Böhranların və ayrılmaların geniş müzakirəsi: şərhçilər hesab edirlər ki, «tendensiya» sözünün işlədilməsi ilə ayrı-ayrı adlandırmalarda yalnız fasilə deyil, fasilələlilik əsas tutulur. Ancaq ciddi dəyişikliklərə və təkanlara daha çox diqqətin yetirildiyi öncəki hesabatda mövcud nöqteyi-nəzərə yenidən radikal şəkildə baxılması ehtimal olunub. Buna görə də yeni icmalın müəllifləri tendensiyalarla, ayrılmalarla və böhranlarla ümumi əlaqə üçün əsas yaratmağı lazım bilirlər;

- İdeologiyaya diqqətin artırılması: tədqiqat müəllifləri etiraf edirlər ki, ideologiya müəyyənləşməsi və ölçülməsi çətin olan bədbin bulaşdırıcı konsepsiyadır. Onların rəyincə, üfiqdə faşizm və kommunizm kimi böyük dönüşlər görünmür (maraqlıdır ki, dünyanın müxtəlif ölkələrindən olan ekspert və tədqiqatçıların fikrinə görə, liberalizm məsələn, Hitler Almaniyasının nasional-sosializmindən daha totalitar və destruktiv mahiyyətə malikdir). Bununla belə, ideologiya egidası altında baş verən çox da böyük olmayan, ancaq davranışlardakı hərəkətliliyə gətirən siyasi-fəlsəfi irəliləyişlər diqqət mərkəzində saxlanılmalıdır;

- İkinci və üçüncü düzənin böyük həcmdə qavranılması - bu istiqamətdəki baxışlardan biri yaxınlaşmaqda olan disbalansı müəyyənləşdirmək cəhdindən ibarətdir. Digəri isə strateji cəhətdən böhranlı dönüş vəziyyətlərində beynəlxalq subyektlər arasındakı mümkün dinamikanı başa düşmək üçün daha çox modelləşdirilməyə və ya oyunlara imitasiya ruhunda köklənməyə hesablanıb.

Bütün bunlardan belə nəticəyə gəlmək mümkündür ki, ABŞ dünya geosiyasi mühitinə təsir göstərəcək. Birbaşa proqnozlara gəldikdə isə, onlar bir neçə sektora bölünüblər. Birinci sektor meqa trendlərə həsr olunub. Tədqiqat müəlliflərinin fikrincə, aşağıdakı meyllərin nəzərə çarpacağını gözləmək lazımdır:

I. Fərdi imkanların genişlənməsi kasıblığın azalması: bu, orta sinfin inkişafı, təhsil sisteminin əhatəsinin böyüməsi, yeni kommunikasiya və istehsal texnologiyalarının tətbiqi, səhiyyə sahəsindəki proqres nəticəsində artacaq.

II. Hakimiyyət bölgüsünün artması - heç bir hegemon dövlət olmayacaq. Hakimiyyət çoxqütblü dünyanın koalisiyalarına və şəbəkələrinə keçəcək. Fikrimizcə, bu tipli xarakteristika çox vacibdir. Çünki indiyədək Amerika hakim elitası və onu dəstəkləyən ictimai rəy çoxqütblülüklə əlaqədar hər bir danışıqlardan qaçmağa çalışırdı. Əsas məqamlardan biri də Avropa İttifaqının Tədqiqat İnstitutunun 2012-ci ilin martında təhlükəsizlik sahəsində hazırladığı oxşar hesabatda da çoxqütblülüyün pozitiv kontekstdə dəyərləndirilməsidir. «Vətəndaşlar qarşılıqlı asılılıq və təkqütblü dünyada» adlı sənəddə qeyd edilirdi ki, qarşıdakı vəziyyətin xarakteristikası Aİ-nin böhranın öhdəsindən necə gəlməsindən və təkqütblü dünyada öz gücünün effektiv istifadəsindən asılı olacaq. Əgər bu plan baş tutsa, o zaman hazırkı böhranın yerini Avropanın intibahı tutacaq.

III. Demoqrafiya - belə demək mümkünsə, qocalmış ölkələrdə iqtisadi artım aşağı düşə və qeyri-sabitlik qövsü yarana bilər. Əhalinin 60 faizi urbanizasiyalaşmış rayonlarda yaşayacaq, miqrasiya isə artacaq. Planetin əhalisinin təxminən bir milyard çoxalacağı proqnozlaşdırılır (2012-ci ildəki 7,1 milyard 2030-cu ildə 8,3 milyarda çatacaq). Ancaq risk əhalinin sayı ilə bağlı deyil. Əsas məsələ insanların artan tələbatlarının ödənməsidir. Söhbət qidanın, suyun və enerjinin istənilən səviyyədə olmamasından gedir. Şəhərlərin əhalisinin sayının 10 faiz artacağını nəzərə alsaq, urbanizasiyalaşmış sektor üçün ənənəvi sayılan problemlər də öz sözünü deyəcək. Məsələn, tıxacların sayı çoxalacaq, ekologiyanın çirklənməsi güclənəcək, minimum xidmətlərin yerinə yetirilməsindəki adekvatlılıq gözlənilməyəcək, infrastuktura daha çox nüfuz etmiş komputer şəbəkələrində qüsurlar yaranacaq. Potensial münaqişə regionları - Afrika, Orta Şərq (ABŞ-dakı təsnifat növüdür. Bura Yaxın Şərq ölkələri ilə yanaşı, Mərkəzi Asiya ölkələri, İran, Əfqanıstan, Pakistan daxildir. Region özü isə Aralıq dənizi və Hind okeanı hövzəsini əhatə edir) və Cənubi Asiyada…

IV. …qida, su və enerji çatışmazlığı yaşanacaq. Bu bənd özündən əvvəlki ilə üzvü surətdə bağlıdır. Məsələ ondadır ki, qeyd etdiyimiz üç problem qlobal məskunlaşma sayəsində sərt xarakter daşıyacaq. Bir məhsula aid probemin həlli digərinə olan tələbatla ölçüləcək. Əlbəttə, proqnozlaşdırılan şəraitdə ekspertlər ABŞ-ın enerji müstəqilliyi baxımından da narahatlıq keçirirlər.

Onu da deməliyik ki, yuxarıdakı dörd meqa trendlər ümumi iqlim dəyişiklikləri fonunda baş verəcək. Bu da əksər hallarda dövlət xadimlərinin siyasi iradəsindən asılı olmayan faktorları doğuracaq. Fərdi imkanların artımı tendensiyasına silahın geniş yayılması və dövlətin struktur kimi onun ən müxtəlif növlərinin istehsalı sahəsindəki monopoliyanı əldən verməsi risqi də daxildir. Buna görə də haqqında bəhs etdiyimiz tədqiqat göstərir ki, texniki proqres bir növ, ambivalentlik (bir obyektin insanda iki təəssürat formalaşdırması) fenomenidir.

Tədqiqatın «Game-Changers» (oyun dəyişənlər) adlandırılmış ikinci hissəsi bu və ya digər dərəcədə oyun qaydalarını dəyişənlərə həsr olunub. Bunu bacaran aktyorlar iqtisadi, konfliktlərin idarə olunması ilə bağlı potensiala, ABŞ-ın yeni texnologiyalarına və roluna bələd olan qruplarda birləşirlər.

İlk iki anlamda Çinin rolu əsas tutulur. Eyni zamanda belə ehtimal irəli sürülür ki, hazırkı qlobal tənzimləyicilərə - BMT-nin Təhlükəsizlik Şurasına, Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna yeni iqtisadi oyunçuların transformasiyası baş verəcək. Vaşinqtonun dominantlığına gəlincə, burada ABŞ-ın bərabərlər içərisində birinci rolunun saxlanılmasına üstünlük verilir. Habelə qeyd edilir ki, təkqütblü dünya başa çatıb və beynəlxalq siyasətdə Birləşmiş Ştatların 1945-ci ildən başlayaraq artmaqda olan hegemonluğu əsri də keçmişdə qalıb.

Hesabatda hazırkı dünyaya təsir göstərə bilən subyektiv və obyektiv risklər də ayrıca təsvir olunub. Bunlar epidemiyaların yayılması, iqlim dəyişikliklərinin güclənməsi, Avropa İttifaqının, Çinin dağılması, İranda islahatlar, nüvə müharibəsi və digər kütləvi qırğın silahından istifadə, günəşdəki geomaqnit burulğanlar, ABŞ-ın oyundan çıxmasının (ola bilər ki, dağılmadan və ya imkanlarının məhdudlaşmasınadan) gətirəcəyi qlobal anarxiyadır.

Maraqlıdır ki, mövcud bölümdə Rusiya haqqında heç nə yoxdur. Əslində bu, anlaşılmazlıq yaradır. Yəni, bilmək olmur ki, hesabat müəllifləri ölkənin adını çəkməməklə orada 2030-cu ilədək stabilliyin mövcud olacağınımı, yoxsa onun potensial risk bölgəsindən kənarda qaldığınımı göstərmək istəyiblər. Ümumən isə sənəddə Rusiyadan bəhs edilir…

Hesabatın ən maraqlı hissəsi isə dünyanın qurulması ilə bağlı gələcək ssenaridir. Bu bölümdə haradasa alleqorik təsir bağışlayan dörd adlandırma təklif olunur:

1. Söndürülmüş mühərriklər;

2. Sintez;

3. Lampadan buraxılmış cin;

4. Dövlətlərsiz dünya.

Birinci adlandırma Asiyada labüd sayılan yeni böyük oyun nəticəsində münaqişənin baş verəcəyini ehtimal edir. Qitə ölkələri planetin iqtisadiyyatının mühərrikləri hesab olunacaqlarından, göstərilən proses dünyanın inkişafını ləngidəcək. Ümumən mövcud ssenari ən pis hesab edilir. Onun nəticələrinin Birinci və İkinci Dünya Müharibəsinin nəticələrindən daha ciddi təsir bağışlayacağı üzərində dayanılır.

İkinci adlandırma birinci ilə tam ziddiyyət təşkil edir. Amerika düşüncəsində isə hadisələrin mövcud cərəyan etmə tərzi haradasa «heppi end» (xöşbəxt sonluq) vəd edir. Konvergensiya (yaxınlaşma prosesi) baş verir, daim siyasi islahatların yaşandığı ABŞ, Avropa və Çin əməkdaşlıq yoluna qədəm qoyur, dünyada ümumi daxili məhsulun həcmi ikiqat artır.

Üçüncü adlandırmada dünya ən son həddə təsvir olunur. Dövlətlərin əksəriyyətinin içərisində sosial və siyasi ziddiyyətlər artır. Mövcud sistemdə ABŞ daha dünyanın jandarmı rolunu oynamır. Çinin gəlirlərində də təzadlar yaranır. Ümumən dünya kifayət qədər varlı qalır. Amma qloballaşmanın daxili və xarici siyasətə mənfi effekti səbəbindən yaşayış mühiti indi olduğu qədər təhlükəsiz deyil.

Sonuncu varianta görə, qeyri-hökumət təşkilatları, transmilli biznes, akademik strukturlar və varlılar meqapolislər kimi submilli subyektlərlə birgə qlobal dəyişiklikləri genişləndirməyə və idarə etməyə başlayırlar. Bu quruluşun formalaşması üçün baza rolunu elitalarla orta siniflər arasında ətraf mühit, korrupsiya və kasıblıqla mübarizə, qanunların aliliyi müstəvisində nəzərə çarpan ictimai konsensus oynayır. Mövcud durumda dünya qeyri-bərabər təbiətini qoruyacaq, avtoritar, eləcə də demokratik rejimlər özlərinin funksiyalarının yerinə yetirilməsində çətinliklərlə üzləşəcəklər. Dövlətlər özləri tamamilə yoxa çıxmayacaq. Daha çox dövlət və qeyri-dövlət aktyorlarının hibrid koalisiyası qurulacaq. Bu variant əvvəlkindən yaxşıdır. Çünki onda qlobal çağırışlara müvafiq olaraq daha çox qarşılıqlı əlaqə və kooperasiyalaşma baş verəcək. Dünyanın özü isə daha sabit və sosial təminatlı olacaq.

Hesabatda növbə Rusiyaya da çatır. Sənədin hakimiyyətin bölgüsü ilə bağlı hissəsində göstərilir ki, Rusiyanın iqtisadiyatı Aİ ölkələrinin və Yaponiyanınkı kimi enişli mahiyyətə malikdir.Konkret şəkildə isə Rusiyanın adına Çin və Hindistan kimi «Gələcək münaqişələr üçün potensiallar» bölümündə rast gəlinir. Burada resurslar sahəsində rəqabətin yaşanacağı vurğulanır (xüsusən də Rusiyanın və Çinin Sibirə münasibətində). Bildirilir ki, hərbi imkanların spektri artacaq. Əlbəttə, «Qlobal trendlər 2030: Alternativ dünyalar» hesabatının Rusiyaya dair hissəsində demokratiyanın vacibliyi ilə bağlı necə deyərlər, köhnə mahnıların sözləri də var (Rusiya iqtisadiyyatının «axil dabanı»nın (ən zəif yer) enerji resurslarının olduğu vurğulanır): «Rusiyanın modernləşməsi onu daha böyük beynəlxalq ictimaiyyətlə yaxınlaşdıra bilər. Eyni zamanda diversiyalaşmış iqtisadiyyatını və liberal daxili siyasətini qurmağı bacarmayan Rusiya daha çox regional və qlobal təhlükə mənbəyidir». Hesabatdakı mühüm məqamlardan biri də Moskvanın NATO və ABŞ-ın tərəfini saxladığı postsovet respublikalarından biri ilə münaqişəsinin baş verməsinin mümkünlüyünün vurğulanmasıdır.

Amerika ekspertlərini narahat edən daha bir məqam Rusiyanın nüvə silahına malikliyidir. Bununla belə, ölkə Pakistanla müqayisə olunur və mövcud kontekstdə İran və Koreya Xalq Demokratik Respublikasının adı çəkilir. Əlbəttə, belə qiymətləndirmə qeyri-adekvat xarakter daşıyır və Birləşmiş Ştatların hərbi-siyasi elitasının Rusiyanı daha asılı vəziyyətdə görmək istəyindən qaynaqlanır.

Amerikalıların hesabatında Rusiyaya dair obyektiv səciyyə daşıdığı bildirilən digər məsələlərə də toxunulur. Bunlar ölkənin əhalisinin azalması (Rusiyanın demoqrafik imkanlar pəncərəsinin 2015-ci ildə bağlanacağı bildirilir), həmçinin Moskvanın Aİ və ABŞ-la daha sıx əlaqəyə can atmasıdır. Sənəddə bildirildiyinə görə, Krem dairələri Qərbin sərmayesinin vacibliyini yaxşı anlayır. Eyni zamanda məhsullarının yeni satış imkanlarının yaranmasını da. Rusiyaya münasibətdə proqnoz irəli sürülərkən onun Çinə, yoxsa Qərbə doğru hərəkət edəcəyi əsas götürülür. Ölkənin gələcəkdə üzləşə biləcəyi mənfi durum isə əhalinin həyat şəraitinin pisləşməsidir ki, bunun da milli ədavətin yaranmasına da gətirəcəyi vurğulanır.

Ümumən detallı şəkildə Rusiya üçün üç ssenari yazılır:

a) Rusiya başqa ölkələrlə də əməkdaşlığı genişləşdirə bilər. Daha doğrusu, dəyərləri deyil, hesablamaları əsas görürər. Ölkənin çoxəsrlik ambivalentliyi fonunda onun Qərblə münasibətlərini yenə də öz strateji istiqamətləri uğrunda mübarizə qayəsi təşkil edəcək;

b) Yaxın 20 ildə Rusiya başqa dövlətlərlə bu və ya digər dərəcədə ikili münasibətdə ola bilər. Bu yolun beynəlxalq əməkdaşlıq baxımından əziyyətli təsir bağışlaması mümkündür. Təbii ki, Rusiya özünün hərbi gücünü artırmaqla daha güclü olan Çinin qarşısını alsa;

c) Rusiya problemlər yarada bilər. Hərbi imkanlarından yararlanaraq qonşuları üzərində hegemonluq qazanmağa cəhd göstərər. Belə bir ehtimal ölkə rəhbərliyinin həyat şəraitinin pisləşməsi ilə bağlı etirazlarla üzləşəcəyi halda gündəmə gəlməlidir.

Əlbəttə, «Qlobal trendlər 2030: Alternativ dünyalar» hesabatının müəllifləri hazırda aydın seçilən bir sıra tendensiyaları nəzərə almırlar. Məsələn, onlar hərəkətverici qüvvəsi ABŞ olan neoliberal iqtisadi qaydalara qarşı etirazları hesablamırlar. İstər Latın Amerikasındakı, istərsə də Avrasiyadakı mümkün inteqrasiya variantlarını götür-qoy etmirlər. Əgər buna diqqətlə yanaşılsa, o zaman 2030-cu ildə hazırda amerikalıların və ümumən qərbli ekspertlərin qlobal geosiyasi maraqlara söykənərək təklif etdikləri alternativ dünya modelindən də fərqli mənzərə görmək mümkünləşəcək.

Category: Maraqlı | Views: 503 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Wednesday, 04.12.2024, 11:43
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012