Ovannisyan prezidentliyə namizədliyini dekabrın 22-də rəsmi şəkildə açıqlayacaq
Ermənistanın İrs Partiyasının lideri Raffi Ovannisyan 2013-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini rəsmi olaraq dekabrın 22-də irəli sürəcək. Ermənistan mətbuatı xəbər verir ki, bu barədə R.Ovannisyan özü məlumat verib. "Həmin gün biz, mənim noyabrın 2-də səsləndirdiyim bəyanatı yekun vəziyyətə və məzmuna gətirəcəyik. Bəyanatda mən seçkilərdə ilk dəfə iştirak edəcəyimi qeyd etmişəm və əminəm ki, biz qalib gələcəyik. Bu dəfə hər şey başqa cür olacaq”, deyə İrs Partiyasının lideri qeyd edib.
Prezident seçkilərində müxalifətin vahid namizədi məsələsinə gəlincə, R.Ovannisyan bəyan edib ki, o bu ideyanı dəstəkləyir və onu fevralın 18-də keçiriləcək seçkilərdə dəstəkləyəcək bütün insanlarla danışıqlara hazırdır. O qeyd edib ki, seçkilər beynəlxalq standartlara və ölkə Konstitusiyasına uyğun keçirilsə, Ermənistanın yeni prezidenti olacaq.
Qeyd edək ki, R.Ovannisyan ABŞ ermənisidir. O, 1959-cu ildə Kaliforniya ştatının Frenso şəhərində anadan olub. Berkli Universitetinin politologiya fakültəsinin məzunudur. 1981-82-ci illərdə Taft Universitetində erməni tarixini tədris edib. 1985-ci ildə Vaşinqtondakı Corctaun Universitetinin hüquq mərkəzində hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. 1985-89-cu illərdə Kaliforniyanın müxtəlif şəhərlərində, əsasən də Los-Ancelesdə vəkillik fəaliyyəti ilə məşğul olub. 1989-cu ildə Erməni Vəkillər İttifaqını yaradıb və ona rəhbərlik edib. 1990-cı ilin yanvarında ölkəsinə qayıdıb Amerika Erməni Milli Assambleyasının Yerevan ofisinə başçılıq edib. 1991-92-ci illərdə Ermənistanın ilk xarici işlər naziri olub. 1993-cü ildə Strateji və Milli Araşdırmalar Mərkəzini təsis edib və bugünədək ona rəhbərlik edir. 2005-ci ildə İrs Partiyasının sədri seçilib. İki il sonra baş tutan parlament seçkilərində deputat mandatı qazanıb. R.Ovannisyan 2012-ci ildə təkrar deputat seçilib. İrs Partiyasının deputat fraksiyasının başçısıdır. R.Ovanisyan ötən ay Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçısı olub. O, olduqca çılğın, aqressiv, Azərbaycana münasibətdə güzəştsiz siyasətçi kimi xarakterizə olunur. Elə Bakıda da öz emosionallığı və konfrans zamanı saldığı qalmaqalla yadda qalmışdı.
Ermənistanda prezident seçkiləri isə fevralın 18-də keçiriləcək. Seçkilərdə hakim komandanın namizədi, Respublika Partiyasının sədri, hazırkı prezident Serj Sərkisyandır. Ümumiyyətlə, Sərkisyan da daxil olmaqla, 6 nəfər seçkilərin favoriti hesab olunur. Bunlar Erməni Ümummilli Hərəkatının lideri Levon Ter-Petrosyan, oliqarx siyasətçi, Çiçəklənən Ermənistan Partiyasının sədri, Robert Köçəryanın biznes ortağı Qaqik Sarukyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan, keçmiş prezident Robert Köçəryan və haqqında söhbət açdığımız keçmiş xarici işlər naziri R.Ovannisyandır. Əlbəttə, Ermənistan azad ölkə olmadığından, Rusiyanın forpostu olduğundan burada seçkilərin də azad keçiriləcəyini gözləmək doğru olmazdı. Seçkidə Rusiya rəhbərliyinin "stavka” edəcəyi namizədin "qalib” gələcəyi şübhəsizdir. Bu namizədlərin hər biri də xalqa deyil, Kremlə tərəf boylanırlar. Kremlin onlardan hansı birinin üzərində dayanacağını söyləmək hələlik çox çətindir. Əlbəttə, əgər ötən 5 il ərzində Sərkisyanın göstərmiş olduğu fəaliyyət Moskvanı qane edibsə, Ermənistanda dəyişiklik qərarı verilməyəcək. Əgər Sərkisyanı cəzalandırmaq lazım gəlsə, Putin köhnə dostu Köçəryanı vəzifə başına qaytaracaq. Onsuz da Putin baş nazir olduğu dövrdə onlar Moskvada dəfələrlə görüşüblər. Sonuncu belə görüş bu ilin mayında keçirilib. Mediada yayılan xəbərlərə görə, Köçəryan Sərkisyanı gözdən salınması istiqamətində Moskvada davamlı olaraq iş aparıb.
İstənilən halda Ermənistanın növbəti 5 il üçün prezidentinin kim olacağı iki aydan sonra bilinəcək. Amma bu insan hər halda R.Ovannisyan olmayacaq. Çünki rus dilini məişət səviyyəsində belə bilməyən bu insana Rusiyada etibar eləmirlər. Elə erməni dilini də o ölkəsinə qayıtdıqdan sonra mənimsəyib. Ekspertlərin fikrincə, Ovannisyanın namizədliyini irəli sürməsinin arxasında ABŞ-ın Ermənistanı öz nəzarətinə keçirmək istəyi dayanır.
|