Elman Nəsirli: "Ağ Ev Qarabağla bağlı yenilik etməyəcək”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke vəzifəsini başa çatdırıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, dekabrın 21-də səfir Yan Kelli Minsk Qrupuna müvəqqəti həmsədr təyin edilib.
R.Bradtke Minsk Qrupunun həmsədri vəzifəsinə 2009-cu ilin payızında təyin olunub. O, bu postda Metyu Brayzanı əvəz edib.
Səfir Yan Kellinin həmsədr postuna təyinatını şərh edən politoloq Elman Nəsirli bildirib ki, ölkənin Minsk Qrupundakı səfirinin dəyişməsi münaqişəyə cəlb olunmuş tərəf kimi Azərbaycan üçün olduqca maraqlıdır: "Çünki münaqişənin həlli funksiyasını həmsədrlər həyata keçirir, vasitəçi onlardır. Xüsusilə dünyanın fövqəldövləti olan ABŞ səfirinin bu prosesdə xüsusi yeri var. Fikrimcə, həmsədr postunda ayrı-ayrı diplomatların dəyişməsi ABŞ-ın münaqişənin həlli ilə bağlı kursuna dəyişiklik olacağı anlamında qəbul edilməməlidir. Məsələ ondadır ki, bu səfirlər Dövlət Departamentinin işçiləridir. ABŞ-da hətta dövlət katibi, yəni Dövlət Departamentinə rəhbərlik edən şəxs dəyişdikdə belə nəticə etibarilə xarici siyasi kurs dəyişmir. Müəyyən taktiki nüanslar üzə çıxa bilər, ABŞ-ın strateji maraqlarının həyata keçirilməsi ilə bağlı bu və ya digər düzəlişlər ola bilər. Amma əsas məqsəd ABŞ-ın qlobal liderliyini qoruyub saxlamaqdır və bu məqsədə çatmaq üçün eyni kurs həyata keçirilir. ABŞ xarici siyasət kursu ilə azdan-çoxdan tanış olan adamam, ABŞ-la bağlı həm namizədlik, həm də doktorluq dissertasiyası müdafiə etmişəm və tam əminəm ki, həmsədr postuna yeni insanın gəlişi Ağ Evin Qarabağ münaqişəsi ilə bağlı siyasətində yenilik etməyəcək. Sadəcə, bir şeyə fikir vermək lazımdır ki, kadrlar eyni güc və potensialda olmurlar. Prinsip etibarı ilə Ağ Evdən aldıqları tapşırıqları yerinə yetirirlər, amma onların özlərinin fərdi işgüzarlığı, diplomatik vərdişləri və s. cəhətlər müəyyən mənada prosesə yeni nüanslar əlavə edə bilir. Amma bu, heç də o demək deyil ki, onlar özbaşına qərar qəbul edir, münaqişənin həlli ilə bağlı rəsmi Vaşinqtondan təlimat almadan öz düşüncə tərzinə uyğun addım atırlar. Yan Kelliyə gəlincə, mürəkkəb problemin həlli missiyası üzərinə qoyulan şəxslərin yaxşı diplomatik təcrübəsi olur. Diplomatiyaya yeni başlayan insanları Cənubi Qafqaz kimi mürəkkəb zonaya və Dağlıq Qarabağ kimi problemin həllinə göndərmirlər. Kelli təcrübəli diplomatdır”.