Türkiyəni xristian ölkəsi kimi təqdim edən Almaniyanın məşhur qəzeti səhvini düzəldib. Azeri-Xeber.ucoz.com-un məlumatına görə, Almaniyanın populyar qəzetlərindən olan "Süddeutsche Zeitung" 20 dekabrda nəşr olunan sayının 10-cu səhifəsində dünya dinləri ilə bağlı dərc etdiyi yazıda Türkiyəni xristian ölkəsi kimi təqdim edib. Ancaq bu məsələ narazılığa səbəb olduğundan qəzet növbəti sayında səhvini düzəldib və təkzib verib.
Təkzibdə qeyd olunur ki, Türkiyənin xristian ölkəsi kimi təqdim olunması yanlışlıqdan baş verib: "Qəzetimizin 20 dekabr tarixində nəşr olunan sayının 10-cu səhifəsində - "Qlobal din" rubrikamızda Türkiyə əhalisinin əksəriyyətinin xristian dininə mənsub olduğu göstərilib. Dünya xəritəsində müsəlman ölkələri yaşıl, xristian ölkələri isə qırmızı rəngdə boyanıb. Türkiyə yanlışlıq ucbatından xristian ölkələri ilə birgə qırmızı rəngdə təqdim edilib. Ancaq məlumdur ki, türklərin əksəriyyəti İslam dininə mənsubdur və Türkiyə müsəlman ölkəsidir".
Bu yanlışlığa görə Türkiyə hökumətindən üzr istəyən qəzet növbəti sayında səhvini düzəldib.
|