Azərbaycanın Nəqliyyat Nazirliyi Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin "Rezonans" qəzetinə verdiyi müsahibəsində "Qars-Axalkalaki" dəmiryol magistralı layihəsinin effektivliyi və lazımlığı barəsində öz şübhəsini bildirməsi ilə əlaqədar bəyanatla çıxış edib.
"Heç şübhəsiz ki, "Bakı-Tbilisi-Qars" dəmiryolu layihəsi regional və qlobal xarakteri daşıyır. "Qars-Axalkalaki" dəmiryol magistralı bu layihənin seqmentlərindən biridir. Bu layihənin həyata keçirilməsinin hüquqi əsası dövlət başçılarının üçtərəfli bəyanatları və Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri arasında əldə edilən razılaşma müqaviləsidir. Bu müqaviləyə uyğun olaraq tərəflər (Azərbaycan, Gürcüstan və Türkiyə) layihənin həyata keçirilməsi barəsində özüzərinə öhdəliklər götürüblər. Bildiyiniz kimi, bu müqavilə əsasında Azərbaycan höküməti Gürcüstan tərəfinə layihənin Gürcüstan hissəsinin realizasiyasına 775 milyon ABŞ dolları məbləğində güzəstli kredit ayırıb", bunu bazar günü Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, regionun çox ölkələri, o cümlədən Orta Asiya və Avropa ölkələri bu layihəyə böyük maraq göstəriblər və onun realizasiyasını dəstəkləyiblər.
"Azərbaycan əmindir ki, bu layihənin regionda və regiondan kənar böyük strateji, həmçinin iqtisadi əhəmiyyəti var. Həmçinin onu da qeyd etmək lazımdır ki, onun realizasiyasından sonra bu layihə regionda təhlükəsizlik sisteminn bir hissəsi olacaq. Azərbaycan həmişə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib və yerinə yetirir. Eyni zamanda müqaviləyə əsasən bu münasibəti öz tərəfdaşlarından da gözləyir"-Namiq Həsənov söyləyib.
|