Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » “Az.TV ənənədən uzaqlaşıb, “Azad Azərbaycan” adekvat işləyir”
09:26
“Az.TV ənənədən uzaqlaşıb, “Azad Azərbaycan” adekvat işləyir”

Tele-tənqidçi Qulu Məhərrəmli Azərbaycan kanallarının fəaliyyətini dəyərləndirir 

Televiziya kanallarının hazırladığı verilişlərin ictimai maraqları əks etdirməməsi, reytinq bəhanəsi ilə ciddi verilişlərin yayımından uzaqlaşması bir müddətdir ayrı-ayrı ziyalıları, millət vəkillərini, sənət adamlarını narahat edir. Xarab olmuş televizoru düzəltmək, təmir elətdirmək çətin deyil, ya vəlvələdən, ya zəlzələdən səviyyə və peşəkarlığını itirmiş televiziyanı, telekanalı isə normal hala gətirmək doğrudan, böyük problemə çevrilib. Hər halda günümüz-gündəmimiz deyilənlərə şahiddir.

Tele-jurnalistikanın tanınmış nümayəndəsi Qulu Məhərrəmliyə televiziya peşəkarlığı ilə bağlı suallar ünvanladıq. Cavablarla tanış ola bilərsiz... 

- Qulu müəllim, televiziya kanalları "reytinq arqumentli” verilişləri yayımlamaqda davam edir, ictimai rəy demək olar ki, nəzərə alınmır. Siz necə düşünürsünüz, televiziya məkanında sürən bu reytinq davasının axırı necə olacaq?

- Ümumiyyətlə, bizdə televiziyalardan narazılıq ona görə ortaya çıxır ki, yayım siyasətində aydınlıq yoxdur. Kimsə düşünürsə ki, televiziyalar azaddır, müstəqildir, efirə vermək istədiyini özü çox sərbəst müəyyən edə bilər, bax burada da kiçik bir yanlışlıq var. Televiziyalarla, orada nümayiş olunan proqram və verilişlərlə bağlı konkret məhdudiyyətlər var. Misal üçün, hansı səbəbdən bizim televiziyalarda ictimai müzakirələr aparılmır? Diskussiya proqramları, tok-şoular azlıq təşkil edir? Cəmiyyəti maraqlandıran, düşündürən problemlərlə bağlı ictimai müzakirə proqramları nədən hazırlanmasın? Nəyə görə normal bir televiziya verilişi yoxdur ki, tanınmış ziyalılar gəlib onları düşündürən problemlərlə bağlı fikir mübadiləsi aparsınlar? 

Bizim televiziyalarda bu gün iki problem özünü göstərir. Birincisi, məhdud fəaliyyət dairəsi, ikincisi peşəkarlığın tədricən aşağı düşməsidir. Telekanallar xarakterik olmayan, cəmiyyəti düşündürməyən ikinci, üçüncü dərəcəli mövzuları ön plana çıxarmağa öyrəncəlidir. Burdan da televiziyalarla bağlı öz iradlarını bildirən insanların dedikləri verilişlər meydana gəlir. Dar çərçivələr ağlamalı və cəmiyyətin eybəcərliklərini qabardan verilişlərin hazırlanmasına və efirə verilməsinə səbəb olur. Televiziyalar eyni zamanda kriminal süjetli verilişlərlə xarakterik olmayan hadisələri ön plana çıxarır, onu müzakirə predmeti edir və bu hesaba reytinq toplamağa çalışır. 

Digər tərəfdən, çox pis tendensiyadır ki, Azərbaycanda tamaşaçı auditoriyası sürətlə azalır. Bu gün mənim müşahidələrimə və bəzi araşdırmalara görə, Azərbaycanda hər 100 nəfərdən 18, uzağı 20 nəfər yerli televiziya kanallarını izləyir. Serial həvəskarı olan böyük tamaşaçı auditoriyamız daha çox türk kanallarına baxır. Azərbaycan kanallarında serial strategiyası yanlış olduğuna görə ortaya diqqəti cəlb edə bilən seriallar çıxmır. Ona görə də auditoriyanın böyük qismi xarici kanallara meyl edir. Xarici dilləri bilənlər CNN və BBS, "Euronws” kanallarını seyr edir. Əgər biz  televiziyaları fəallaşdırmaq istəyiriksə, ilk növbədə onların cəmiyyətdən ayrı düşməsinin qarşısını almalıyıq. Cəmiyyətdən ayrı düşməyin səbəblərini araşdırmaq və tapmaq lazımdır. 

- Bu məsələ ilə bağlı bir müddət öncə yüksək çinli məmurların, millət vəkillərinin də iradları səslənmişdi, amma qeyd edilən, vurğulanan nöqsanlar aradan qaldırılmadı. Bu yaxınlarda bizim qəzetimizə müsahibəsində "Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da televiziya kanalları ilə bağlı xeyli iradlarını dilə gətirdi. Vəziyyəti dəyişən proses isə hələ də start götürməyib.

- Mən Bəxtiyar müəllimin və digər haqlı irad səsləndirən şəxslərin fikirlərində bir həqiqətin olduğunu qeyd etmək istəyirəm. Həqiqətən də, televiziyalar çox bəsit, dayaz, bayağı və şit verilişlər hazırlayırlar. Yəni bu verilişlərin  bir çoxu birbaşa evdar qadınlar üçün nəzərdə tutulub. Kövrək, sentimental, insanların hisslərinə toxunan verilişlər hazırlamaqla reytinq toplamağa çalışırlar. Əsas səbəb yayım siyasətinin qüsurları və nöqsanları ilə bağlıdır. Bizdə faktiki olaraq proqram siyasəti düzgün tərtib edilməyib, cəmiyyəti əks etdirmək gücündə deyil. Ən pisi odur ki, bizdə televiziya məkanı birqütblüdür. Yəni bizim televiziyalarda dialoq yox, monoloq var. Ona görə də tamaşaçıların televiziyaya marağı azalır, sosial şəbəkələrə meyl edir və tele-auditoriya getdikcə quruyan gölməçəyə bənzəyir. Qüsurların aradan qalxması üçün bizdə ciddi televiziya islahatı aparılmalıdır. 

- Bəs Azərbaycan televiziya modeli haqqında nə deyə bilərsiniz və siz necə düşünürsünüz əslində bu model necə olmalıdır?

- 80-ci illərin ortalarında Azərbaycan televiziyasının strukturu indiki televiziyalar üçün müəyyən bir modelə çevrilə bilərdi. Bizdə televiziyaların sifəti yoxdur. Yayım konsepsiyası aydın olmadığına görə televiziyaların nə sifəti var, nə də konsepsiyası. Televiziyalar adətən yaxşı başlayır, amma pis qurtarır. Azərbaycan cəmiyyətinə yeganə adekvat "Azad Azərbaycan” televiziyasıdır. Yəni o, Azərbaycan cəmiyyətinin nə istədiyini bilir. Digər televiziyaları, tutaq ki, büdcədən maliyyələşən Az.TV-ni götürək. Dünənə qədər bəlli sifəti olan televiziya idi, amma bu gün o, özəl televiziyaların yayım formatını, yayım modelini yamsılayır. Yəni faktiki olaraq öz ənənəsini yox, kiçik özəl televiziyaların formatını yamsılamağa çalışır və təbii ki, bu, yolverilməzdir. İctimai Televiziya yaranıb, amma təəssüf ki, cəmiyyətin televiziyasına çevrilə bilməyib. Onun missiyası tamam fərqlidir, o, ictimai müzakirə proqramlarını, diskussiya formatlarını önə çəkməli, cəmiyyəti əks etdirməli, tamaşaçıya obyektiv məlumat verməlidir. Bunlar olmayanda biz başlayırıq ikinci və üçüncü dərəcəli məsələlərdən danışmağa. 

Digər ölkələrin televiziyaları ilə müqayisədə təbii ki, Azərbaycan televiziya məkanı çox sönük, bayağı və bəsit, heç kimi  maraqlandırmayan bir televiziya məkanıdır. 

Modelin yanaşması və formalaşdırılması bir sıra normativ şərtlər tələb edir. Model dediyimiz anlayış nəyi ifadə edir?  Televiziyanın cəmiyyətə, proseslərə özünəməxsus yanaşması olur və bu da normal televiziya proqramlarının hazırlanmasından qaynaqlanır. Ümumiyyətlə, mövcud televiziyaların hansı səbəbdən fəaliyyət göstərdikləri sual yaradır. Tutaq ki, bu verilişlər kimin üçündür və bu verilişlərdən cəmiyyət hansı faydanı götürür, məlum deyil. Bəyəm televiziya ancaq bəsit əyləncə üçündür?  Model yaratmaq üçün düşüncə və təfəkkür olmalıdır. Yoxsa Azərbaycan televiziyasına baxan təsadüfi qonaqda da həmin kanalın peşəkarlığı ilə bağlı suallar yarana bilər. 

- Bəs sizcə, Azərbaycan tamaşaçısı üçün əsas prioritet mövzular, sahələr, verilişlər hansıdır? 

- Bizim tamaşaçıları maraqlandıran mövzular çoxdur. Amma yenə də deyirəm, yalnız bir mövzunun üzərində dayananda naqislik ortaya çıxır. Televiziya üçün bütün mövzular maraqlı ola bilər. Bu şərtlə ki, müəyyən balans kontekstində təqdim olunsun. Biz xəbəri də, ondan törəmə proqramları da verməliyik, diskussiya və eyni zamanda əyləncə proqramalarını, serialları da göstərməliyik. Amma pis olan odur ki, balans pozulub... Əyləncə verilişlərinin xüsusi çəkisi artıb, bir çox televiziya kanallarında 60-70 faizə qalxıb. Cəmiyyətdə gedən prosesləri əks etdirən verilişlər isə çox azdır. 

- Deyirsiniz ki, televiziya kanalları bütün mövzulara açıq olmalıdır, amma son vaxtlar mövzu balansı pozulub. Bəs əslində real balans necə olmalıdır?

- Bunu sözlə demək bir az mürəkkəb olacaq. Götürək BBS televiziyasının strukturunu. Onun bir günlük proqramına baxmaqla müəyyən etmək olur ki, bu balans necə ərsəyə gəlir... Şənbə və bazar günləri qəbul olunmuş qaydaya görə əyləncə və yüngül verilişlərin sayı çox ola bilər. Gün ərzində tamaşaçının televiziya ekranı qarşısında ən çox olduğu zaman var. Bu vaxt çərçivəsində biz tamaşaçıya nə verə bilirik? Bunun üzərində düşünən lazımdır. Balansı faiz nisbəti ilə götürəndə, əgər o universal televiziyadırsa, 20-30 faiz ictimai-siyasi və xəbər proqramları yaymalıdır. Müəyyən bir faiz öyrədici olmalıdır, amma əyləncənin yeri də var, o da təxminən 20 faiz həcmini aşmamalıdır. 

Category: XƏBƏRLƏR | Views: 401 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 19:18
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012