Dəməşqdə jurnalistlərin suallarına cavab verən Brahimi ölkədə vəziyyətin həddən artıq kritik olduğunu bildirib Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasının Suriya böhranı üzrə xüsusi səfiri Ləhdar Brahiminin Suriyaya səfəri davam edir. Ötən gün paytaxt Dəməşqdə jurnalistlərin suallarına cavab verən Brahimi ölkədə vəziyyətin həddən artıq kritik olduğunu bildirib. Onun sözlərinə görə, vəziyətdən yeganə çıxış yolu yeni müvəqqəti hökumətin təsis edilməsidir. "Suriyada vəziyyətin həddən artıq kritik olması faktdır. Buna artıq bütün dünya inanır. Vəziyyətin bu cür qalması isə, həm region ölkələrinə, həm də, ümumilikdə, dünya ictimaiyyətinə qarşı təhlükədir. Bu heç kimin xeyrinə deyil. Ölkədə heç kim hakimiyyətə inanmır. Belə olan halda isə yeni müvəqqəti hökumətin bərqərar olması zəruriyyəti ortaya çıxır. Bu hökumət seçkilərə qədər mütləq icraedici gücə malik olmalıdır. Seçkilər yeni parlamentin və ya yeni hökumətin müəyyən edilməsi ilə bağlı ola bilər. Bütün bu adımlar sülh prosesinin ilkin mərhələləridir. Yalnız bu yolla bütün tərəfləri razı salmaq olar", - deyə Brahimi sözlərini ifadə edib.
Bu arada, Suriyanın müxtəlif bölgələrindən ölüm xəbərləri gəlməkdə davam edir. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün Homs şəhərində təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş vermiş sonuncu qarşıdurmalarda azı 15 nəfər öldürülüb.
|