Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Con Kerri erməniləri məyus etməyə hazırlaşır
13:38
Con Kerri erməniləri məyus etməyə hazırlaşır


Aydın Mirzəzadə: "Təyinatdan sonra Con Kerri də şəxsi simpatiyasını kənara qoymalı olacaq”

Ərəstun Oruclu: "ABŞ-ın xarici siyasətini Dövlət Departamenti və onun rəhbəri müəyyən etmir”

ABŞ prezidenti Barak Obama Senatın xarici məsələlər komitəsinin sədri Con Kerrini dövlət katibi postuna namizəd irəli sürüb. Onun namizədliyinə Senatda baxılmalıdır.

Qeyd edək ki, Massaçusets ştatından olan 69 yaşlı C.Kerri qatı ermənipərəst senator kimi tanınır. O, hələ 1990-cı ilin əvvəllərində Senatda ABŞ-ın Azərbaycana birbaşa yardımını məhdudlaşdıran 907-ci düzəlişin qəbulunu fəal dəstəkləyib. Son illər isə C.Kerri "erməni soyqırımı”nın tanınmasının fəal tərəfdarı kimi çıxış edir. Türkiyənin "Zaman” qəzeti C.Kerrini ABŞ-dakı erməni lobbisinin "köhnə və etibarlı tərəfdaşı” kimi təqdim edib. 

Qeyd olunur ki, C.Kerri 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri ermənilərin soyqırımı kimi tanımaq barədə ötən illər ərzində dəfələrlə Nümayəndələr Palatası və Senatda təşəbbüslə çıxış edib. O, həmçinin Ankara və Bakıdan Ermənistanın blokadasını aradan qaldırmaq tələbini səsləndirib, ABŞ-ın Ermənistanla ticari-iqtisadi əlaqələrinin inkişafının zəruriliyi barədə çıxışlar edib, hökuməti Ermənistana etdiyi yardımın həcmini artırmağa və Dağlıq Qarabağa birbaşa iqtisadi yardım etməyə çağırıb. Sentyabrın 5-də isə C.Kerri Azərbaycan prezidentinin 2004-cü ildə Budapeştdə erməni hərbçisini öldürməkdə ittiham olunan zabit Ramil Səfərovu azad etməsini pisləyib. Görünür, bütün bunlara görədir ki, Amerika Erməni Milli Komitəsi C.Kerrinin təyinatını alqışlayaraq onu "erməni məsələsinin çoxdankı tərəfdarı” adlandırıb. Komitənin bəyanatında senator Kerrinin "erməni soyqırımı”nı tanımağa, Ermənistan-Amerika əlaqələrinin möhkəmləndirilməsinə, Dağlıq Qarabağın təhlükəsizliyinə tərəfdar olduğu vurğulanır. Bəs, C.Kerrinin ABŞ-ın dövlət katibi olması Azərbaycan üçün nə deməkdir? O, ermənilərlə bağlı vaxtilə hökumətə ünvanlandığı təklifləri hökumət üzvü olarkən yerinə yetirə biləcəkmi? Bu suallarla müraciət etdiyimiz millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib ki, ABŞ-ın dövlət idarəçiliyində mövcud olan praktikaya görə insanın hansı baxışlarda, hansı simpatiyada olmasından asılı olmayaraq, o dövlət postunu tutduqda ancaq dövlətin milli maraqlarını əsas götürür. 

Onun sözlərinə görə, bu baxımdan C.Kerri də dövlət katibi postunu tutarkən onun ermənipərəstliyinin qabarıq olmayacağına şübhə yeri qalmır: "Çünki Ermənistanı qeyd-şərtsiz müdafiə etmək, onun işğalçı siyasətinə, uydurma soyqırım iddialarına dəstək vermək ABŞ-ın milli maraqlarına çox ciddi ziyan vurar və bir sıra ölkələrlə, o cümlədən Azərbaycan və Türkiyə kimi strateji ölkələrlə əməkdaşlığını böyük zərbə altına qoyardı. Yada salım ki, Barak Obama özü 2008-ci il prezident seçkilərindən əvvəl seçiləcəyi təqdirdə uydurma erməni soyqırımını dəstəkləyəcəyi barədə bəyanatlar vermişdi. Ancaq sonradan o bu məsələdə ehtiyatlı, məhz ABŞ-ın maraqlarına cavab verən mövqe tutdu. Yada salım ki, ermənipərəst qüvvələr bir neçə il əvvəl Senatda 1915-ci il hadisələrinin soyqırım kimi tanınması barədə təşəbbüslə çıxış etdilər. Hətta onlar səs çoxluğu qazandılar, tərəfdarları 50 faizdən yuxarı idi. Amma Barak Obama bunun ABŞ-ın maraqları ilə düz gəlmədiyini vurğulamış və sənədin müzakirədən çıxarılmasına nail olmuşdu. Con Kerri xarici siyasətdə təcrübəli bir insandır. ABŞ siyasətində ciddi və nüfuzlu fiqurlardan biridir. Hesab edirəm ki, Barak Obama onun təyinatı ilə hakimiyyətin nüfuzunun qaldırılmasına çalışır. Çünki onun xanım Klintondan sonra təyin edəcəyi istənilən insan əlbəttə, əvvəlki nüfuz sahibi olmaya bilər. Ancaq Con Kerrinin namizədliyini irəli sürməklə isə Obama həm siyasi xəttinin yeridilməsini, eyni zamanda Demokratlar Partiyasının yenə də nüfuzlu olduğunu göstərmək istəyir. Hesab edirəm ki, Barak Obamanın ABŞ-ın xarici siyasətində siyasi oriyentirləri indiyədək nə idisə Con Kerri də həmin xətti yürütməkdə davam edəcək. Əgər o bunu etməzsə, şübhəsiz ki, ya Barak Obama öz siyasi xəttinin dəyişdiyini elan etməlidir - bu isə onun planlarına daxil deyil - ya da Con Kerri öz postunu tərk etməli olacaq. Bir qayda olaraq təyinatdan sonra ABŞ-da siyasətçilər özlərinin şəxsi simpatiyalarını kənara qoymağa çalışırlar. Con Kerri ilə bağlı da belə olacağını düşünürəm”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə ümumiyyətlə, C.Kerrinin ermənipərəst olması barədə deyilənlərlə razılaşmadığını bildirib. O qeyd edib ki, bütün ABŞ prezidentləri və prezidentliyə namizədlər kimi C.Kerri də zamanında ermənilərə yönəlik müəyyən reveranslar edib: "Gəlin, baxaq görək son 20 ildə ABŞ prezidentliyinə hansı namizəd bu cür reveranslar etməyib. Yəni, buna görə Con Kerrinin ermənipərəst olduğunu və bunun mütləq ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcəyini ehtimal etmirəm. Çünki ABŞ-ın xarici siyasət strategiyası onun dövlət institutları tərəfindən işlənib hazırlanır. Dövlət Departamenti və onun rəhbəri olaraq dövlət katibi isə sadəcə, bu siyasəti icra edən, onu həyata keçirən qurum və şəxsdir. Ona görə də mən bir o qədər pessimist deyiləm”.

Ə.Oruclu qeyd edib ki, Azərbaycan ABŞ üçün son dərəcə önəmli tərəfdaşdır: "Xüsusilə nəzərə almaq lazımdır ki, son vaxtlar Rusiyanın Avrasiya İttifaqı yaratmaq cəhdi güclənib. Ona görə də postsovet məkanında Rusiyanın möhkəmlənməsinə yol verməmək perspektivi baxımından Azərbaycan ABŞ üçün bölgədə ən önəmli tərəfdaşlardan biridir desəm, yəqin ki yanılmaram. Önəmli tərəfdaşla da möhkəm xarici siyasət əlaqələri qurulur. Ona görə də bu xarici siyasəti həyata keçirən idarəyə Con Kerrinin, yaxud başqa birinin rəhbərlik edəcəyi prinsipial məsələ deyil. Prinsipial məsələ ABŞ-ın Azərbaycana yönəlik siyasətidir və bu siyasətdə də ildən-ilə tərəfdaşlıq tendensiyası güclənir”.

Ə.Oruclu qeyd edib ki, C.Kerri təcrübəli bir dövlət adamıdır: "O, vaxtilə Demokratlar Partiyasından prezidentliyə namizəd olub. İnanıram ki, Hillari Klinton kimi Con Kerri də Cənubi Qafqaz bölgəsində gedən proseslərlə bağlı fəallıq nümayiş etdirəcək”.
Category: XƏBƏRLƏR | Views: 344 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:36
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012