Böyük Britaniya növbəti dəfə Braziliyanı qabaqlayıb.
Böyük Britaniya yenə də dünyada ən nəhəng iqtisadiyyatı olan ölkələr siyahısına düşüb. Birləşmiş Krallıq növbəti dəfə Braziliyanı qabaqlayaraq, 6-cı yerdə qərarlaşıb. Bu barədə "Guardian" Britaniya İqtisadi və Biznes Araşdırmaları Mərkəzinə (CEBR) istinadən məlumat yayıb. Bir il bundan qabaq isə Braziliya ÜDM həcminə görə Britaniyanı qabaqlamışdı.
Eyni zamanda CEBR ekspertləri hesab edir ki, 2014-cü ildə Britaniya iqtisadiyyatı yenə də Braziliyadan geridə qalacaq. 2017-ci ildə isə Böyük Britaniya ÜDM-in həcminə görə fəal inkişaf edən Hindistanı keçəcək. İndi Hindistan isə 10-cu yerdə qərarlaşıb.
Braziliya Mərkəzi Bankının proqnozlarına görə, 2012-ci ilin nəticələrinə əsasən ölkədə ÜDM-in həcmi 1% artacaq. CEBR açıqlamasında bildirib ki, Braziliya iqtisadiyyatına olan əlavə təzyiqlər milli valyutanın enməsinə gətirib çıxaracaq.
Dünyanın iri iqtisadiyyatının ilk beşliyi isə əvvəllki kimi qalıb. Siyahının lideri ABŞ, daha sonra Çin, Yaponiya, Almaniya və Fransa gəlir. CEBR eyni zamanda müəyyən edib ki, yaxın 10 ildə liderlərin üçlüyündə dəyişiklik olmayacaq.
2022-ci ildə Hindistan 4-cü, Rusiya isə 7-ci sıraya qalxacaq. Həmin vaxt B.Britaniya 8-də olacaq, daha sonra isə Fransa gələcək. Onluğa İndoneziya daxil olacaq ki, hələlik bu ölkə 16-cı yerdədir.
|