Həlimə Əliyeva eks-prezidentin zəhərlənməsi iddiası üzrə Bakı şəhər Prokurorluğunda açılan cinayət işi ilə əlaqədar ifadə verib.
Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəyin ailəsi onun zəhərlənməsi iddiası üzrə Bakı şəhər Prokurorluğunda açılan cinayət işi ilə əlaqədar ifadə verib. Bu barədə mərhum prezidentin qardaşı Almurad Əliyev bildirib. Onun sözlərinə görə, dindirilmə bu yaxınlarda baş tutub. İfadə zamanı Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva və onun qardaşı (Elçibəyin qaynı) Mirmövsüm Mahmudov iştirak edib.
"Cinayət işi ilə bağlı hələki heç bir yenilik yoxdur. Mən bir dəfə sözümü demişəm. Elçibəyin ailəsi də cinayət işinin bağlanmasını istəyir. Elçibəyin həyat yoldaşı ilə Mirmövsüm ağa da dindirmədə iştirak edib. Onların ifadələri alınıb. Biz konkret olaraq bu məsələnin birdəfəlik dayandırılmasını tələb edirik”, - deyə A.Əliyev bildirib.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.