Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev "Azadlıq” qəzeti vasitəsilə yeni video yayıb. Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir.
"Azadlıq” qəzetinin yazdığına görə, Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb, bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər: "Elşad Abdullayevin iddialarına görə, Kəmaləddin Heydərovun anası Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub”.
Elşad Abdullayev mətbuata bildirib ki, itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması üçün iş adamı Arzu Kazımov vasitəsilə daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevə 3 milyon dollar pul verib.
Bu yaxınlarda Arzu Kazımov Elşad Abdullayevin şikayəti əsasında saxlanılıb. Onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. Məlumatlara görə, o, dələduzluqda ittiham olunur.
Elşad Abdullayev buna qədər dörd video yayıb. Onlardan ikincisi və üçüncüsü qardaşı Mahir Abdullayevin işi ilə bağlı olub.