Bu ümumi prinsip və gələcək fəaliyyəti müəyyən edən qərarlar Yekun Bəyannamədə qəbul edilən "Bakı Platforması”nda əksini tapıb.
”Bakı Platforması” haqqında məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə bildirib ki, sənəddə Ermənistanın işğalçılıq siyasəti də pislənilib. Ümumi prinsiplərin arasında Azərbaycanda tolerantlıq modelinin əsas olaraq götürülməsi yer alıb. Bundan əlavə, etnik separatizm və etnik təmizləmələr, işğalçı siyasət, bilavastilə BMT və AŞ-nın qərarlarına əsasən Ermənistanın da Azərbaycana qarşı həyata keçirdiyi siyasət birmənalı şəkildə pislənib və nəinki regionda, beynəlxalq səviyyədə dinlərarası münasibətlərə də neqativ təsir göstərən bir amil kimi qiymətləndirilib.
Onun sözlərinə görə, daha əməli müstəvidə Fakı Forumun iştirakçılarından, İslam Əməkdaşlıq Təşkilatı, BMT və İSESCO-nun da qatıldığı şəbəkənin yaradılması qərara alınıb. Şəbəkə daimi fəaliyyət göstərəcək. Burada dini liderlər, alimlər, dövlət nümayəndələri və media təmsilçiləri olacaqlar. Bu şəbəkə sadəcə forum iştirakçılarından ibarət olmayacaq, gələcəkdə daha da genişlənəcək. Şəbəkə 3 istiqamətdə fəaliyyət göstərəcək: həm qərar qəbul edən dairələrə öz tövsiyyələrini vermək, davamlı olaraq akademik səviyyədə elmi fəaliyyətlər və ictimai fəaliyyət, eyni zamanda KİV-lə iş sahəsində toleranlığın inkişaf etdirilməsi, tolerantlıq modellərinin təbliğ olunması, şəbəkəyə daxil olan nüfuzlu şəxslərin dünyada yaranacaq dinlərarası böhran vəziyyətlərinə vahid səslə müdaxilə edib məsələlərin çözüm istiqamətinə yönləndirilməsi nəzərdə tutulur.
Komitə sədri söyləyib ki, şəbəkənin fəaliyyətinin Bakı Beynəlxalq Forumunun katibliyi əlaqələndirəcək və gələcəkdə təkcə Azərbaycanda deyil, dünyanın başqa yerlərində də bu qrupun və daha genişlənmiş heyətli şəbəkənin toplantılarının keçirilməsi nəzərdə tutulur.
E.İskəndərov bildirib ki, bu platforma digər qurumlara da açıq olacaq. Bunlar, ilk növbədə, BMT-nin Mədəniyyətlərarası Alyansı, Avropa Şurası və bu sahədə ən böyük böhranlara meydan olan Avropa İttifaqıdır.