Azərbaycanda bir sıra astronomik hadisələr müşahidə oluna bilər.
2013-cü ildə 2 Günəş tutulması, 3 Ay tutulması müşahidə olunacaq. Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı astrofizika rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, mayın 13-də, Bakı vaxtı ilə saat 02:27-də Günəş tutulması baş verəcək. Bu hadisə saat 08:25-ə qədər davam edəcək. Bu hadisəni Sakit Okeanı regionunda, Avstraliyada, Cənub-Şərqi Asiyada, İndoneziyada və digər regionlarda müşahidə etmək mümkün olacaq. Azərbaycanda həmin vaxt gecə olacağına görə görünməyəcək.
İkinci Günəş tutulması hadisəsi isə noyabrın 3-də saat 14:06-da baş verəcək və saat 19:28-ə qədər davam edəcək. Bu hadisə Afrikanın qərbi və mərkəzi hissələrində müşahidə olunacaq. Azərbaycanda isə Günəşin kənarında kiçik qara nöqtə görünəcək. Lakin bu hadisəni görmək üçün xüsusi eynəklərdən istifadə etmək lazım gələcək.
Ay tutulmalarına gəlincə isə onlardan biri yarımçıq, 2-si isə yarımkölgə formasında olacaq. "İlk yarımçıq Ay tutulması aprelin 26-da saat 00:54-də baş verəcək, saat 01:20-yə qədər davam edəcək. Astronomik hadisə Rusiya ərazisində görünəcək. Azərbaycanda bu hadisəni yalnız xüsusi avadanlıqlar vasitəsi ilə görmək olacaq, gözlə görmək mümkün olmayacaq. Yarımkölgə şəklində tutulmalar isə mayın 26-da (saat 09:00-dan, 09:22-yə qədər) və oktyabrın 19-da (saat 02:51-dan, 06:48-yə qədər) müşahidə olunacaq", - Xıdır Mikayılov deyib.
|