Mixail Saakaşvili: "Dəmir yolunun tikintisinin dayandırılması ehtimalı narahatlıq doğurur” Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin avrointeqrasiya kursunun inkişafı üçün vacib olan Bakı-Tiflis-Qars dəmir yolu magistralının tikintisinin dayandırılması ehtimalından narahatdır. Bu barədə fikirlər Saakaşvilinin rəsmi "Facebook" səhifəsində yer alıb. Prezidentin sözlərinə görə, yeni hökumətin bu cür təşəbbüsləri ölkəni Avropadan ayırır, eyni zamanda Rusiyadan asılılıq yaradır. Saakaşvili belə məsələlərin ictimai müzakirələrin mövzusuna çevrilməsini tələb edib: "Belə mənasız təşəbbüslər dövlətçiliyimizi ciddi təhdid edir”.
Qeyd edək ki, baş nazir Bidzina İvanişvili bu gün "Rezonansi" qəzetinə bəyan edib ki, adıçəkilən magistralın tikintisi ilə bağlı xeyli məsələlər var. "Qars-Axalkalaki dəmir yolunun tikintisi sual doğurur. Ola bilsin ki, Azərbaycana səfərim zamanı həmin sualları verim və dost ölkəyə çox yumşaq izah edim ki, bu layihə hansı mərhələdə bizim üçün sərfəli olmayacaq”.
İvanişvilinin sözlərinə görə, bu proses asan olmayacaq, çünki qızğın tikinti işləri gedir. "Bu proses tikintiyədək daha asan olardı, hazırda isə çox çətin olacaq. Biz qonşu ölkələr və keçmiş hökumətin üzərinə götürdüyü öhdəliklərə hörmət etməliyik, lakin eyni zamanda cavab verilməli olan suallar var".
|