Misirin keçmiş prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzası çəkdiyi Tora həbsxanasından Qahirədəki hərbi hospitala aparılıb. RİA "Novosti”yə istinadən xəbər verilir ki, bu barədə məlumatı yerli KİV-dər yayıb.
Bir neçə saat əvvəl Misirin baş prokuroru Hüsnü Mübarəkin həbsxanadan hospitala köçürülməsinə icazə verib. O, xüsusi həkim komissiyasının eks-prezidentin səhhəti ilə bağlı verdiyi rəyə əsasən bu qərarı qəbul edib. Hüsnü Mübarək hospitala bir neçə polis avtomobilinin müşayiət etdiyi təcili tibbi yardım maşını ilə aparılıb.
Sabiq Misir prezidentinin səhhəti hamamda yıxıldıqdan sonra pisləşib. O, qabırğasından və baş nahiyəsindən xəsarətlər alıb. Bundan sonra Hüsnü Mübarəkin vəkili onun hərbi hospitala köçürülməsi xahişi ilə baş prokurora müraciət etmişdi.
Ötən həfdə Hüsnü Mübarəki hospitala aparsalar da, bir neçə saatlıq müayinədən sonra yenidən həbsxanaya qaytarılmışdı.