Təbriz Ticarət Palatası Ermənistanda nümayəndəlik açacaq
Yaxın günlərdə Ermənistanın Armavir vilayətində Təbriz Ticarət Palatası və "Araz” Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyi açılacaq.
İRİB-ə istinadən aldığımız məlumata görə, bu barədə "Araz” AİZ-in direktoru Sadiq Nəcəfi açıqlama verib.
Onun sözlərinə görə, yeni nümayəndəlik erməni tərəfini lazımi kommersiya informasiyaları ilə təmin edəcək və investisiya ilə bağlı məsləhətləşmələr həyata keçirəcək: "İran-Ermənistan sərhədində yalnız bir sərhəd-keçid məntəqəsi var. Bu da Nurduz sərhəd-keçid məntəqəsidir və "Araz” AİZ-in ərazisində yerləşir. "Araz” AİZ-in fəaliyyətinin artırılması üçün hər iki ölkənin sahibkarlarına əlavə imtiyazlar veriləcək. Bu da iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə təsir göstərəcək”.
Qeyd edək ki, ötən il İranla Ermənistan arasında ticarətin həcmi təxminən 300 mln. dollar olub. Bu il isə iki ölkə arasında ticarətin həcminin ən azı 40% artırılması planlaşdırılıb.