Həzrət Peyğəmbər (s) və məsum İmamların (ə) həyatına nəzər saldıqda görürük ki, onlar öz həyat yoldaşları ilə mülayim və mehriban rəftar etmişlər. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "İman baxımından xalqın ən kamili - onların ən xoş xasiyyətlisi və zövcəsinə ən mehriban olanıdır”. Həzrət Peyğəmbər (s) müsəlmanlara son vəsiyyətində üç şeyi xatırlatmışdır: namaz, əl altında olanlarla xoş rəftar, Allahdan qorxub qadınlarla gözəl rəftar etmək. Digər bir hədisdə oxuyuruq: "Sizin ən yaxşınız - ailəsi üçün yaxşı olandır. Mən öz ailəm üçün sizin hamınızdan üstünəm. Böyük insanlar qadınları əziz və dəyərli tutur, rəzil insanlar onları əskik sayır”. Hədisdə deyilir: "Qadınlara və uşaqlara zülm-sitəm Allahı hər şeydən çox qəzəbləndirir”. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir: "Bilin ki, Allah və Peyğəmbər zövcəsinə zərər-ziyan yetirəndən üz çevirmişdir.” Qurani-kərim kişilərə belə göstəriş verir: "Həyat yoldaşlarınızla yaxşı və xoş rəftar edin”. İslamın qadınlarla rəftar haqqındakı buyuruşları göstərir ki, ailələrimizin bir çoxu İslam normalarından nə qədər uzaqdır. Bəzi kişilər Əhli-beytin (ə) buyuruşlarının tam ziddinə olaraq, bayırda xoş rəftar edir, evə qayıtdıqda ailə mühitini öz davranışı ilə zəhərləyir. Təəssüf ki, ailə ilə bağlı bir çox ənənələrimiz İslam təlimindən uzaqdır, bəzən isə ona ziddir. Deyilənlərə əsasən müsəlman ailələrindəki bugünkü gerçəkliyi İslamın ailə prinsipləri ilə eyni tutmaq olmaz. Qadınlara hörmət, onların dəyərli tutulması, onlarla sərt rəftardan çəkinmək - İslam qanunlarının gerçək prinsiplərindəndir. Haqqında danışdığımız məsələ ilə bağlı ayələr və hədislər çoxdur. Bizim xatırladıqlarımız isə yalnız dəryadan bir damla idi.
|