"Onun meyitinə baxışda oğlu və qardaşı da iştirak ediblər"
"Sevinc Babayevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyitin tam tibbi müayinəsi sabah həyata keçiriləcək. Yalnız bundan sonra ölümün konkret səbəbi bilinəcək. Tam müayinə başa çatandan, sənədləşmə olandan sonra meyit Azərbaycana yola salınacaq”.
Bunu açıqlamasında Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov deyib.
Baş konsul Sevinc Babayevanın meyitinin tanınması prosesində iştirak etdiyini bildirib: "Oğlu da, qardaşı da burdadır. Qadın burada vəfat edib”.
Diplomatlın sözlərinə görə, S. Babayeva ürək çatışmazlığı diaqnozu ilə dünən xəstəxanaya müraciət edib: "Məlumata görə, qadın xəstəxanaya ağır vəziyyətdə daxil olub. Onu xilas etmək mümkün olmayıb”.
S. Babayevanın İnterpol tərəfindən axtarışda olması, Türkiyəyə hansı şəraitdə getməsi barədə suallara cavabında H. Zeynalov bunları deyib: "Mən bu barədə nəsə deyə bilmərəm. Bunlar hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bütün suallar aydınlaşacaq. Biz sadəcə, Azərbaycan Baş Konsulluğunun təmsilçiləri olaraq vətəndaşımızın ölümü təsdiq etməli idik. Sənədləri yox idi. İştirak etdik. Bundan sonrakı bütün prosedurlarda da diplomatımız iştirak edəcək”.
Baş konsul Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının S. Babayevanın ölümü ilə bağlı Türkiyəyə gəlib-gəlməməsi barədə suala cavabında qeyd edib ki, hələlik Azərbaycandan gələn olmayıb: "Lazım olsa yəqin ki, onlar da gələcəklər”.