"Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyi, Bakının "Neftçi” futbol klubuna qarşı aparılan qərəzli hücum kampaniyasına və "informasiya müharibəsinə” qarşı kəskin etiraz edir. Bu barədə jurnalistlərlə söhbətində qurumun rəhbəri Mətləb Salahov bəyan edib. Jurnalist qurumunun rəhbəri, xüsusi ilə "Xəzər-Lənkəran”la keçirilən son derbi qarşılaşmasında yaşananları, həmin oyunda baş məşqçi Böyükağa Hacıyevə qarşı təhqir dolu etikasız hərəkətlərin baş verməsini sərt şəkildə pislədiklərini bildirib:
"Bu gün "Neftçi”nin Avropa səhnəsində əldə etdiyi uğurlar Avrokuboklarda bir mərhələ belə keçə bilməyən klublar üçün əsl düşmənçilik mənbəyinə çevrilib. Bu, olduqca acınacaqlı və rüsvayçı faktdır. B.Hacıyevə qarşı edilən hörmətsizliklər, bizim milli mentalitetimizə yaraşmır. Təəsüf ki, "Xəzər Lənkəran”-"Neftçi” qarşılaşmaları derbi əvəzinə acı düşmənçiliyə çevrilib. Bu, heç cürə əsl futbola yaraşan mənzərə deyil. Biz, bu futbol şüuru ilə yalnız 19-cu əsrdəki ibtidai futbol düşüncəmizi ortaya qoyuruq. "Neftçi” bu ölkənin bir nömrəli futbol markasıdır. Bu, artıq əsl həqiqətdir”.