İslam alimləri günahları iki növə bölmüşlər: 1. Böyük günahlar (kəbirə); 2. Kiçik günahlar (səğirə).
Bu bölgüdə alimlər Qurandan və imamların kəlamlarından bəhrələnmişlər.
"Nisa" surəsinin 31-ci ayəsində Allah-təala buyurur: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq".
"Kəhf" surəsinin 49-cu ayəsində oxuyuruq: "(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən (onlara görə veriləcək cəzadan) qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!» Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!".
Yenə də Allah-təala "Nəcm" surəsinin 32-ci ayəsində buyurur: "O yaxşılıq edənlər ki, kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan, çirkin əməllərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!".
"Şura" surəsinin 37-ci ayəsində də oxuyuruq: "O kəslər üçün ki, böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman (onu) bağışlayarlar".
Nəhayət "Nisa" surəsinin 48-ci ayəsində buyurulur: "Həqiqətən Allah, Ona şərik qoşmağı bağışlamaz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur".
Kiçik günahların bəzi hallarda böyük günaha çevrilməsi mümkündür. Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur. Hətta bir kiçik günahdan sonra tövbə etməmək və yaxud tövbə etmək fikrində olmamaq da bu günahın böyük günaha çervilməsinə səbəb olur. Elə həyatda da bu cürdür: Nazik saplar cəm olduqda qalın bir ip düzəlir və daha bundan sonra ona sap yox, ip deyirlər.
Allah-təala "Ali İmran" surəsinin 135-ci ayəsində buyurur: "(Pərhizkar insanlar) tutduqları pis əməllərə bilə-bilə israr etməzlər".
İmam Baqir (ə) bu ayənin açıqlamasında belə buyurur: "Günaha israr etməyin mənası budur ki, insan günah etdikdən sonra tövbə etməsin və yaxud tövbə etməyin fikrində olmasın”.
İmam Əli (ə) isə bu barədə buyurur: "Günaha israr etməkdən çəkin. Çünki bu ən böyük günahlardan hesab olunur”.
Hansı günahların böyük sayıldığı barədə məlumatlar ziddiyyətlidir. Hədislərdə 3-dən başlayaraq onlarla əməl növü böyük günah kimi tanıdılır. Alimlərin əksəriyyətinin fikrincə, bu dünyada şəriət cəzasına, axirətdə ilahi əzaba layiq olan, Peyğəmbərin lənətləmiş olduğu əməllər böyük günah sayılır. Dəqiq məlum olan budur ki, ağırlıq dərəcəsinə görə ən böyük günah – Allaha şərik qoşmaqdır. Bundan sonra haqsız yerə adam öldürmək, ata-ananın üzünə ağ olmaq, zina etmək, yalandan şahidlik etmək, sehirbazlıqla məşğul olmaq, yetim malı yemək, sələm vermək, cihaddan qaçmaq, iffətli qadına zina böhtanı atmaq, oğurluq etmək, şərab içmək, qumar oynamaq və s. əməllər böyük günah sayılır.