Robert Köçəryanın adının "qara siyahı”da birinci olacağı gözlənilir Bu ilin dekabr ayının 6-da Ermənistanın "Vətən və Şərəf” partiyasının nümayəndələri "Antikriminal” ictimai təşkilatı yaradıblar. Təşkilatın tərkibində 9 nəfərdən ibarət "antikorrupsiya” şurası fəaliyyət göstərir.
Dekabrın 20-də "Vətən və Şərəf” partiyasının sədri Qarnik Markaryan jurnalistlərlə görüşü zamanı bu barədə ətraflı məlumat verib. O, həm də yeni yaranmış təşkilatın məqsədi və qarşıda duran vəzifələri haqqında öz mövqeyini bildirib. Qeyd edib ki, ictimai təşkilatın tərkibi müxtəlif işçi qruplarından ibarətdir. Bura iqtisadiyyat, siyasət, mədəniyyət, təhsil, səhiyyə və idman işləri üzrə ölkənin ən səviyyəli mütəxəssisləri cəlb olunub. Onun sözlərinə görə, təşkilatın əsas məqsədi ölkənin daxilində və eləcə də xaricində qanunsuz formalaşaraq fəaliyyət göstərən, özlərinə külli miqdarda sərvətlər və var-dövlət toplayan oliqarxların "qara siyahılarının” tərtib olunmasıdır. "Qanunsuzluqlar nəticəsində ölkədə yaranmış ağır şərait ölkənin milli təhlükəsizliyini çətin vəziyyətdə qoyur. Ona görə bu çətin və mürəkkəb işi öhdəmizə götürmüşük ki, bütün oliqarxları məsuliyyətə cəlb edək. Biz bu addımı atmağa hələ 1999-cu ilin oktyabrın 17-də cəhd etmişdik, özü də Vazgen Sarkisyanın təşəbbüsü ilə. Ancaq o zaman oktyabrın 27-də Ermənistan parlamentində baş vermiş məlum qanlı hadisələr bizim işimizi başa çatdırmağa imkan vermədi”- deyə Q.Markaryan vurğulayıb. O, həm də qeyd edib ki, yeni yaranmış təşkilatda bütün cəmiyyət və təşkilatların, müxtəlif icmaların məlumatlandırılması üçün müvafiq strukturlar da yaradılıb. Markaryanın sözlərinə görə, bu işdə onlara yerli hakimiyyət tərəfindən heç bir dəstək göstərilmir. Ancaq beynəlxalq təşkilatlar tərəfindən edilən dəstəklər artıq nəzərə çarpmaqdadır. O, istisna etmir ki, təşkilat tərəfindən tərtib olunan "qara siyahıda” Ermənistanın ikinci prezidenti Robert Köçəryanın adı başda olacaq. "Arzumuz odur ki, Robert Köçəryanın Ermənistanda və xaricdə olan "çirkli pulları”na və mal varlıqlarına həbs qoyulsun. Biz çalışmalıyıq ki, onun həm də ölkə xaricinə çıxışı və girişinə qadağa qoyulsun”- deyə Qarnik Markaryan çıxışını yekunlaşdırıb. İsmayıl Tanrıverdi, BDU-nin Erməni araşdırmaları Elmi Tədqiqat Laboratoriyasının rəhbəri
|