Görəsən, ABŞ silahlarından həlak olan ölkələrdəki uşaqlar üçündəmi matəm olacaqmı? Bu günlərdə içərisində KİV-lər, internet, TV-lər, bütün sosial şəbəkələr də daxil olmaqla, demək olar ki, dünyanın bütün media məkanını sarsıdıcı bir xəbər dolaşdı. Xəbərdə bildirilirdi ki, ABŞ-ın Konnektikut ştatının Nyu-Taun şəhərindəki məktəblərdən birində dəhşətli bir faciə baş vermişdir. 22 yaşlı bir gənc həmin məktəbdə işləyən anasını elə evindəcə öldürmüş, sonra isə onun işlədiyi məktəbə gəlmiş və orada atəş açaraq içərisində öz kiçik qardaşı da olmaqla cəmi 27 nəfəri həyatdan məhrum etmişdir. Qətl edilmişlərin 20 nəfəri isə yaşları 5-10 arası olan uşaqlar olmuşlar. Bu ağır xəbər həqiqətən də bütün normal təfəkkürlü insanları şoka salmış və sarsıtmışdır. Dünyanın bir çox ölkələrinin dövlət başçıları ABŞ prezidenti Barak Obamaya başsağlığı göndərmişlər. Həlak olmuşların xatirəsinə ABŞ-da 4-günlük matəm elan edilmiş və bütün rəsmi yerlərdə dövlət bayraqları aşağı salınmışdır. Bəli, doğrudan da böyük faciədir. Həqiqətən də həmin gün sevinə-sevunə övladlarını məktəbə yola salan valideynlərin kədəri sonsuzdur. Bu həlak olmuş məsum uşaqlar bəlkə də gələcəyin böyük alimləri, şöhrətli idmançıları, hansısa sahələrin gözəl mütəxəssisləri, ümumiyyətlə tanınmış insanları ola bilərdilər. Bəlkə də sadəcə ədalətsevər bir haqq carçıları olacaqlarmış. Lakin, heyhat, hansısa zalımın şeytani nəfslərinin qurbanlarına çevrildilər. Elə həmin gün bu faciə münasibətilə Ağ Evdə mətbuat konfransı keçirən ABŞ prezidenti Barak Obama belə demişdir: "...Ölənlərin çoxu 5 və ya 10 yaşlarında uşaqlardır. Bu uşaqları tətillər gözləyirdi. Ölənlər arasında müəllimlər də var. Həyatını itirənlərin ailələri başda olmaqla, bütün xalqa başsağlığı verirəm. Uşaqların məsumiyyəti körpə yaşlarında əllərindən alındı”. Daha sonra Obama qeyd etmişdir ki, o, burada ölkə prezidenti kimi yox, iki azyaşlı övladı olan bir valideyn kimi çıxış edir. Bu zaman kövrəlmiş Obama hətta göz yaşların belə saxlaya bilməmişdir. Beləliklə, bir tərəfdə körpə ölümü faciəsi, digər tərəfdə qəhərdən boğulan hakimiyyət sahibləri. Bir tərəfdə yasa batmış valideynlər, digər tərəfdə qəddarcasına öldürülmüş uşaqlara matəm saxlayan qüdrətli ölkə... Həmin o hakimiyyət sahibləri ki, dünyanın müxtəlif bölgələrinə guya demokratiyanı bərqərar etmək üçün ordular yeridilməsinə əmr verirlər. Həmin o qüdrətli ölkə ki, öz qüdrətini daha zəiflərin üzərində sınaqdan keçirməkdən sanki şeytani həzz alır. Həmin o hakimiyyət sahibləri ki, qonaq kimi gəlib, sonradan ev yiyələrini zor gücünə öz torpaqlarından çıxaranlara hamilik edir. Həmin o qüdrətli ölkə ki, haqq basanlara əlindən gələn yardımı – həm mənəvi, həm maliyyə və həm də silah yardımını edib, onlara dayaq olur. Həmin o hakimiyyət sahibləri ki, yüksək kürsülərdən insan haqlarından, azadlıqlarından bar-bar bağırmağı xoşlayır, amma imkan düşən kimi bu haqları və azadlıqları məmnuniyyətlə əzir. Həmin o qüdrətli ölkə ki, həm öz istilaçılıqları üçün, həm də məzlumlara divan tutan başqa istilaçılara yardım üçün yaraq-əsləhə, top-topxana göndərir. Həmin o qüdrətli ölkə ki, digərlərinin də qüdrətli olmaması, hətta belə bir iddiada bulunmaması üçün əlində olan bütün imkanlardan, o cümlədən şərdən, qarayaxmadan, böhtandan, yalandan geniş istifadə etməkdədir. Həmin o qüdrətli ölkə ki, məşhur rus təmsilçisi İ.A.Krılovun "Canavar və quzu” təmsilində quzunun bulağın aşağı tərəfində su içməyinə baxmayaraq, canavarın onu suyu bulandırmaqda ittiham edib parçaladığı kimi, hər hansı səbəbdən könlünə yatmayan ölkələri ağlasığmaz günahlarda ittiham edib, onları istila edir... Nə isə... Qayıdaq cənab Obamanın çıxışına. Barak Obama öz çıxışında həlak olmuş körpələrin məsumiyyətini xatırladır. Dünyalarını dəyişmiş məktəblilərin tezliklə tətilə çıxmalı olmaları, lakin bunun onlara nəsib olmaması barədə kövrəkcəsinə danışır. Və düz də deyir. Amerika prezidentinin hisslərini başa düşmək olar. Onun da məktəbli övladları var. Amma, əfsuslar olsun... Əfsuslar olsun ki, həlak olmuş uşaqlara qarşı təzahür edilən bu kövrəklik, bu zərifqəlblilik yalnız və yalnız ABŞ vətəndaşı olan uşaqlara aiddir. Sanki, Əfqanıstanda, İraqda, Livanda, Qəzzada və dünyanın bir çox müharibə və terror ocaqlarında həlak olan və ya ömürlük şikəst qalan uşaqlar heç də uşaq deyillərmiş. Ya da sanki, amerikan əsgəri, amerikan silahı ilə, ABŞ-ın "qalib” diplomatiyasının nəticəsi olaraq demək olar ki, hər gün qətlə yetirilən iraqlı, livanlı, qəzzalı məktəblinin, əfqan məktəblisinin tətilə çıxmaq arzusu yoxmuş. Barak Obama öz çıxışında həmin məktəbdə öldürülmüş müəllimləri də xatırlayır. Amma, əfsuslar olsun... Əfsuslar olsun ki, öldürülmüş müəllimlərə qarşı təzahür edilən bu diqqət yalnız və yalnız ABŞ vətəndaşı olan müəllimlərə aiddir. Sanki, ABŞ-ın Yaxın Şərqdə, Fars körfəzi ətrafında, Afrika ərazilərində əlində "demokratiya bayrağı” adı ilə səfalət, müsibət, qaçqınlıq, ümidsizlik, ölüm gətirməsinin nəticəsi olaraq məhv olan minlərlə müəllimlər və başqa sənət sahibləri kədərlənməyə layiq insanlar deyillərmiş. Barak Obama öz çıxışında həyatlarını itirmiş uşaqların valideynlərinin də halına acıyır. Bəli, əlbəttə ki, bu hala acımaq lazımdır. Bizim əksəriyyətimiz də valideynlərik. Bizim ata-analarımız da valideyndirlər. Və bütün valideynlərə övladlarını itirmək təsəvvürəgəlməz dərəcədə böyük mənəvi zərbədir... Amma, əfsuslar olsun... Əfsuslar olsun ki, həyatlarını itirmiş uşaqların valideynlərinə qarşı təzahür edilən bu anlamlıq yalnız və yalnız ABŞ vətəndaşı olan valideynlərə aiddir. Sanki, dünyanın bilavasitə və ya qeyri-müstəqim şəkildə ABŞ barmağı olan qaynar nöqtələrində əzabla qətlə yetirilmiş uşaqların valideynləri üzüntülü anlama, dərdə şərikliyi təzahür etdirən münasibətə layiq deyillərmiş. Halbuki, bütün bu qlobal ağrı-acıların, bəlaların, müharibələrin, istilaların, işğalların arxasında adətən ulduzlu-zolaqlı bir bayraq dalğalanır, Azadlıq heykəlinin məşəli görünür. Bax, budur əslində Obamanın kədəri. Bax, budur Obamanın gözlərindən axan göz yaşları. Mahiyyətcə - "timsah göz yaşları”. Qeyd: "Timsah göz yaşları” ifadəsinin iki cür izahı vardır. 1. Elmi yanaşma – timsahların böyrəkləri yaxşı işləmir. Ona görə də timsah qida qəbul etdikdə, onun orqanizmində yaranan artıq duzlar timsahın gözünün lap yanında yerləşən dəliklərdən kiçik kristallar şəklində xaric olur. Bu da parıldayaraq göz yaşları effekti verir. 2. Populist yanaşma – "timsah göz yaşları axıtmaq” ifadəsi kiməsə pislik və ya ağrı vermiş bir kəsin ikiüzlücəsinə həmin adamın halına acımaq istəyinə münasibətdə tətbiq olunur. Yəni, "timsah göz yaşları” – yalançı göz yaşlarıdır, qeyri-səmimi təəssüf və peşmançılıqdır.
|