"Çiçilaki" yolkanın alternativi hesab edilir Gürcüstanda Ortodoks xristianlarının Yeni il və Milad bayramına hazırlıq məqsədilə evlərdə qeyri-adi yeni il ağacları qurulur. "Çiçilaki" adlanan bu ağaclar küknar ağacının alternativi olaraq istifadə edilir və onun kökləri qədim milli ənənəyə gedib çıxır. "Bizdə Gürcüstanda Milad bayramında "Çiçilaki" qoymaq ənənəmiz var. O, xoşbəxtliyin və zənginliyin rəmzidir. Onun ekoloji cəhətdən təmiz olması da vacib xüsusiyyətidir", - Tamar Pitsxelauri adlı Tiflis sakini belə deyir.
"Çiçilaki" fındıq ağacının budaqları qaşınaraq, budaqların buruq qabıqlarının yuxarı hissədə saxlanması üsulu ilə hazırlanır. Peşəkar əllər üçün "Çiçilaki"ni düzəltmək bir neçə dəqiqəlik işdir. Əksər "Çiçilaki" düzəldənlər Gürcüstanın regionlarından Tiflisə gələrək, əl işlərini burada satırlar.
"Çiçilaki düzəltməyin qaydasını mənə babam öyrədib. İndi işsizəm və gəlirimi bundan çıxardıram. Onları qış vaxtı hazırlayıram. Kənddə düzəldirəm və Tiflisə gətirirəm, bəzən isə elə burada düzəldirəm", - deyə "Çiçilaki" istehsalçısı Laşa Zarandia bildirir.
Gürcülərin ənənəvi yeni il ağacı quru meyvələrlə bəzədilir ki, bu da xoşbəxtlik, bolluq və rifahın rəmzidir. Müxtəlif ölçülərdə hazırlanan Çiçilaki, xüsusilə, uşaqlar arasında məşhurdur.
Qeyd edək ki, əhalisinin əksəriyyəti Ortodoks xristianları olan Gürcüstanda Ortodoks Milad bayramı yanvarın 7-də qeyd ediləcək.
|