"İstanbul polis və prokurorluğunun böyük heyəti "Medicana İnternational” xəstəxanasında Sevinc Babayevanın ölümü ilə bağlı araşdırma aparır”.
Məlumata görə, prokurorluq işçiləri artıq S. Babayevanın xəstəxanada olan oğlu ilə ilkin söhbət aparıblar. Araşdırma zamanı S. Babayevanın xəstəxanadakı qeydiyyatının hansı ad və soyadla rəsmiləşdiyi də məlum olub. S. Babayeva xəstəxanada Məryəm Solmaz adı ilə qeydiyyatdan keçib. Onun xəstəxanada şəxsiyyət vəsiqəsi və ya SSK kartı (güzəştli kartla) ilə qeydiyyatdan keçməsinə aid dəqiq məlumat yoxdur. S. Babayevanın xəstəxanada saxlanılan şəxsi əşyalarının arasında böyük dərman bağlaması da olub. Məlumata görə, hazırda araşdırma qrupu Esenyurd Dövlət Xəstəxanasında S. Babayevanın əvvəlki qeydiyyat sənədlərini və epikrizlərini araşdırmaqla məşğuldur. Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov da APA-ya açıqlamasında S. Babayevanın xəstəxana sənədlərinin Məryəm Solmaz adına rəsmiləşdirilməsi barədə eşitdiyini bildirib: "Amma onun öz üzərindən heç bir sənəd çıxmayıb. Onu xəstəxanaya kimin gətirdiyini də bilmirik. İndi bu məsələləri prokurorluq araşdırır. Biz sadəcə, özümüzə aid olan məsələlərlə məşğul olduq”. Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti də S. Babayevanın xəstəxanaya başqa ad və soyadla daxil olması barədə məlumat yayıb. DİN və Baş Prokurorluğun əməkdaşlarından ibarət qrup Türkiyəyə ezam olunub.
|