İstanbuldakı xəstəxanada vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun hazırda İstanbul Polis İdarəsinin asayiş şöbəsində izahatı alınır.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ayxan Məmmədov anası ilə bağlı sualların dəqiqləşdirilməsi üçün dəvət edilib. Mənbənin bildirdiyinə görə, onunla Medicana İnternational xəstəxanasında da ilkin söhbət aparılıb. A. Məmmədovun asayiş şöbəsinə dəvət edilməsinə əsas səbəb anası S. Babayevanın "İnterpol” xəttiylə axtarışda olması, xəstəxanada adının Məryəm Solmaz adı ilə sənədləşdirilməsidir. Mənbə onu da qeyd edib ki, hazırda S. Babayevanın cənazəsi ilə bağlı bütün qərarları qəbul etmek sadəcə prokurorun səlahiyyətindədir: "Prokurorluğun dəqiq araşdırmaları başa çatmayana və tam sənədləşmə aparılmayana qədər mərhumun cənazəsinin Azərbaycana göndərilməsi mümkün deyil”. S. Babayeva ilə bağlı aparılan bütün prosedurlarda Azərbaycan tərəfinin təmsilçisi olaraq Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları da iştirak edirlər.
|