Xəbər verildiyi kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva dünyasını dəyişib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.
Amma maraqlıdır ki, Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov bu barədə məlumatsız olduğunu bildirib: "İstanbulda Azərbaycan vətəndaşının vəfat etməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb". Onun sözlərinə görə, cənazənin Azərbaycana aparılması üçün mütləq konsulluqda sənədləşirmə işləri aparılmalıdır. Bunsuz cənazənin ölkədən çıxarılması mümkün olmaz".
Məsələ ilə bağlı daha bir maraqlı xəbər isə odur ki, S.Babayevanın oğlu anasının cənazəsini Azərbaycana gətirmək üçün Baş Prokurorluqdan icazə istəsə də, buna müvəffəq olmayıb. Məlumata görə, Sevinc Babayeva ölkədən qaçandan sonra istintaq onun oğlu Ayxan Məmmədovun ölkədən çıxmasını yasaqlayıb.
Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, S.Babayevanın cənazəsi Azərbaycana gətirilməyənədək onun ölüm xəbərinə inanmaq olmaz: "Ola bilər ki, o qadın oğlu Ayxan Məmmədovu ölkədən çıxarmaq üçün bu planı qurub və əslində istintaqın Ayxan Məmmədovun ölkədən çıxmasını əngəlləməsi tamamilə doğrudur. O, doğrudan da vəfat edibsə, cənazənin ölkəyə gətirilməsi ilə İstanbuldakı konsulluq da məşğul ola bilər”.
Mənbə digər bir önəmli ehtimalı da vurğulayıb: "Əgər Sevinc Babayeva gerçəkdən də dünyasını dəyişibsə, Azərbaycanı istəməyən qüvvələrin, bəzi ölkələrin xüsusi xidmət orqanlarinin burada siyasi gərginliyi artırmaq məqsədilə bu qətli törədə bilməsi də nəzərdən keçirilməlidir”.
|