Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın ölümü barədə İstanbul Medicana İnternational xəstəxanası rəsmi açıqlama yayıb. "BBC Azərbaycanca” istinadən həmin məlumatı təqdim edirik: "26.12.2012 tarixində, 112 vasitəçiliyi ilə Esenyurt Dövlət Xəstəxanası Təcili Yardım Xidmətinə aparılan 39 yaşındakı hörmətli Meryem Solmaza (Sevinc Babayeva tibbi xidmətə bu adla müraciət edib) orada CPR (süni nəfəs vermə) tətbiq olunsa da, ümumi vəziyyətində dəyişiklik olmayan xəstə reanimasiyaya ehtiyac duyulması səbəbi ilə 112 təcili yardım ilə klinikamızda sövq edilib. Xəstə xəstəxanamızın Reanimasiya bölməsinə saat 16.56-da qəbul edilib. Xəstənin fiziki müayinəsi edilmiş, bütün hematolojik və biokimyəvi tədqiqləri, bütün tomografik müayinə nəticələri qiymətləndirilmişdir. Xəstə süni tənəffüs cihazlarına bağlanmış, bütün həyati funksiyaları monitorlarla izlənmiş, ürəyinin fəaliyyətində çatışmazlıq görülməsinə görə dəstəkləyici dərmanlar verilmışdir. Tətbiq olunan bütün dəstək müalicəsinə cavab verməyən xəstənin saat 18.21-də ürəyi dayanmış, CPR tətbiqi ilə 4 dəqiqə sonra ürəyi normal ritminə dönmüşdür. Ancaq saat 18.30-da xəstənin təkrar ürəyi dayanmış, CPR tətbiq olunmuş, 10 dəqiqə sonra təkrar ürəyi işləmişdir. Bütün dəstəkləri artırılan xəstənin saat 18.45-də ürəyinin təkrar dayanması üzərinə müdaxilə edilmiş, edilən bütün müdaxilələrə baxmayaraq, saat 19.15-də xəstənin həyati funksiyaları dayanmış və xəstəmiz həyatını itirmişdir. Esenyurt Dövlət Xəstəxanasında ədliyyə faktı olaraq qəbul edilməsi səbəbi ilə prokurorluq ölümlə əlaqədar yarılma qərarı verib. Qəti ölüm səbəbi məhkəmə orqanları tərəfindən müəyyən edilir. Xəstəmizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”
|