Suriya ordusunun 13 zabiti, onların ailə üzvləri daxil olmaqla ümumilikdə 70 nəfər İordaniyaya keçərək bu ölkənin rəhbərliyindən sığınacaq istəyib. APA-nın məlumatına görə, bu barədə Londonda ərəb dilində dərc olunan "Əş-şəq əl-ausət” qəzeti xəbər verir. Qəzet İordaniyada olan mənbəyə istinadən bildirir ki, Suriya ordusunun zabitləri ailə üzvləri ilə sərhədyanı "Tel əş-Şihab” rayonuna gəlib və buradan Əl-Mafrak vilayətində yerləşən "Ər-Racxa” düşərgəsinə aparılıb. Qeyd edək ki, bu düşərgədə suriyalı fərarilər saxlanılır. Qəzetin məlumatına görə, "Ər-Racxa” düşərgəsində Suriya ordusunun 820 keçmiş hərbçisi var. Mənbə qeyd edir ki, Suriyada münaqişə başlanandan İordaniyaya 2 mindən çox hərbçi qaçıb.
|