Homs şəhərinin Əl Bəydə adlı qəsəbəsinə təyyarədən 2 konteyner zəhərli maddə buraxılıb Beynəlxalq mediada Suriya ordusunun üsyançılarla mübarizədə ilk dəfə olaraq kimyəvi silaha əl atdığı haqqında məlumatlar yayılıb. İsrailin Haares qəzeti və bir neçə ərəb mətbuatına görə, Homs şəhərinin Əl Bəydə adlı qəsəbəsinə təyyarədən 2 konteyner zəhərli maddə buraxılıb. Nəticədə tənəffüs çatışmazlığından 6 nəfər dünyasını dəyişib. Xəsarət alanların ağır vəziyyətdə olduğu bildirilir. Onların hər biri ürəkbulanma, başgicəllənmə və tənəffüslə bağlı problemlərdən şikayət edir ki, bu da Suriya rejiminin kimyəvi silah arsenalının "qapılarını açdığına” dəlalət edir. Yaralılardan bəzilərinin görmə qabiliyyətini itirdiyi bildirilir.
Bu arada dünən Suriya ordusuna məxsus qırıcı təyyarələr Homs vilayətində, çörək zavodunu raket atəşinə tutub. Müxalif fəallar bombardman nəticəsində azı 15 nəfərin həlak olduğunu bildirib. Fəallar iddia edir ki, səhər saatlarından bəri hökümət qüvvələri şəhəri artileriya və minaatanlardan bombardman etməyə davam edib. Bundan başqa artıq ordunun helikopterlərdən yerə tratil dolu çəlləklər boşaltdığı bildirilir.
Xatırladaq ki, ordu qüvvələri 1 gün əvvəl Həma yaxınlığındakı çörək zavodunu raket atəşinə tutub. Bəzi məlumatlarda bombardman zamanı çörək növbəsinə duran 20-dən çox insanın öldüyü bildirilir.
|