Əbdüləziz Şəlal həm də hərbi polis rəisidir Suriyada hərbi polisin rəisi, general Əbdüləziz Şəlal Türkiyəyə qaçıb və Bəşər Əsədə qarşı döyüşən üsyançılara qoşulduğunu bəyan edib. General internetdə yaydığı video-bəyanatda öz qərarını belə izah edib: "Mən, hərbi polis rəisi general Əbdüləziz Şəlalam. Qaçmağımın səbəbi odur ki, Suriya ordusu daha xalqı və ölkəni müdafiə etmək vəzifəsini icra etmir və qatillər və yırtıcılar dəstəsinə çevrilib", - deyə general bildirib.
Suriya təhlükəsizlik qüvvələrinin mənbəsi generalın ölkədən Türkiyəyə qaçmasını təsdiqləyib və bildirib ki, Şəlal onsuz da təqaüdə çıxmağa hazırlaşırdı və "özünü qəhrəman kimi göstərmək üçün" qaçıb.
Müxalifət nümayəndələrinin iddialarına görə isə general Əbdüləziz Şəlal uzun müddətdir ki, gizlicə üsyançılarla əməkdaşlıq edir. O, Suriyada 2 ilə yaxındır davam edən münaqişə dövründə Əsəd hökumətindən üz döndərən ən yüksəkrütbəli hərbi polisdir.
|