Azərbaycanda bir qrup universitet müəllimi Milli.Az-a müraciət edib. Bakı Dövlət Universitetinin müəlimləri məktubunda yazırlar ki, neçə ildir dövlət ali məktəb müəllimlərinin yay məzuniyyəti hesablanarkən orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün il ərzində müəllimlərə verilən maddi yardım nəzərə alınmır.
Şikayətçilər bilmək istəyirlər ki, ali məktəb müəllimlərinin yay məzuniyyəti hesablanarkən orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün il ərzində müəllimlərə verilən maddi yardım da nəzərə alınırmı? Yəni əsas vəzifə maaşından əlavə qazanclar da nəzərə alınırmı? Müəllimlər bununla bağlı hüquqi yardım göstərilməsini xahiş edirlər.
Bakı Dövlət Universiteti rektorunun maliyə-sosial məsələlər üzrə müşaviri Məzahir Sultanov açıqlamasında bildirdi ki, yay məzuniyyəti hesablanarkən orta aylıq əməkhaqqının müəyyən edilməsi üçün il ərzində müəllimlərə verilən maddi yardım nəzərə alınmır. Rektor müşavirin sözlərinə görə, orta aylıq əmək haqqı ancaq büdcədən ayrılmış vəzifə maaşları ilə təyin olunur.
M.Sultanov qeyd etdi ki, universitet müəllimlərinə verilən maddi yardım ödənişli təhsildən yığılan vəsaitlə müəyyən edilir. Hər universitetdə əlavə yardımın məbləği dəyişir.
|