Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 2,2 milyon manat ayrılıb Prezident İlham Əliyev Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 300 şagird yerlik yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan 2,2 milyon manat ayrılıb. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verib. Məktəb Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb.
|