Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən avtomobil yolunun sağ tərəfində baş vermiş sürüşmə ərazisinə yaponiyalı mütəxəssislər baxış keçirib. Onlar sürüşmənin yük hissəsinin artıq sabitləşdiyini, ancaq ərazidəki evlər üçün təhlükənin qaldığını bildiriblər. Ərazidə ağır texnikanın işləməsi üçün salınan yollar isə tamamlanmaq üzrədir. Bu gün sürüşmə ərazisində əsasən mühəndis-geodeziya işləri aparılıb. Yollar açıldıqdan sonra sürüşmə dilinin müəyyən olunması məqsədiylə 16 quyunun qazılması planlaşdırılır. Birinci bağlar küçəsinin sakinləri isə Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən avtomobil yolunun bağlanmasından narazıdır. Onların sözlərinə görə, dəfələrlə yolun açılması ilə bağlı müraciət etsələr də, yolun açılmayacağı deyilib: "Bəs biz necə gedib-gələk? Bir yolumuz var, onu da bağlayıblar". Sakinlərin narazılığına səbəb olan digər məsələ isə kanalizasiya xəttlərinin təmir olunmaması ilə bağlıdır. Onların sözünə görə, sakinlər öz puluna primitiv qaydada kanalizasiya xətti çəkdirsə də, yağış yağan zaman vəziyyət daha da pis olur. Qeyd edək ki, Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən avtomobil yolunu alt tərəfindəki yarğanlarda baş verən uçqunlarınəsas səbəbi kimi yağış və kanalizasiya sularının bu sahələrə axıdılması göstərilir.Təhlükənin qarşısını almaq üçün yarğanların doldurulması nəzərdə tutulub. Yağış sularının toplanması üçün kanalların da tikilməsi planlaşdırılır.
|