Rauf Arifoğlu: "Təxmini şübhələrimiz var”
Musavat.com” saytının təsisçisi və baş redaktoru Rauf Arifoğlu ilə "Qafqazinfo.az” saytının təsisçisi və baş direktoru Elburus Ərud milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudova müraciət ediblər. Məlumata görə, müraciətdə deyilir ki, son dövrlərdə "Yeni Müsavat” qəzetinin internet səhifəsinə (musavat.com) və "Qafqazinfo” (qafqazinfo.az) saytına qarşı kiber hücumlar edilir. "Bu hücumlar, bəzi məlumatlara görə, xarici ölkələrdən, digər informasiyalara görə isə ölkə daxilindən törədilir. Kiberterrorçular adıçəkilən mətbuat orqanlarında gedən informasiyaların internet vasitəsilə yayılmasına ciddi fəsad törədir və onların internet səhifələrinin fəaliyyətini yararsız hala salırlar. Bütün bunlar hər iki media orqanının geniş oxucu kütləsinə çatdırılmasına böyük zərbə vurur. Bu isə həm "Yeni Müsavat”ın, həm də "Qafqazinfo.az”ın internet səhifəsinin ciddi maddi zərərə məruz qalmasına səbəb olub».
Müraciətdə milli təhlükəsizlik nazirindən hücumların mənbələrinin tapılması və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərin görülməsi xahiş olunur.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, "Yeni Müsavat”ın İnternet səhifəsinə edilən kiber hücumlar barədə MTN-ə müraciət etmək məcburiyyəti yaranıb. "Müraciətdə bildirdik ki, bu hücumlar ölkə daxilindən törədilir və mütəmadi xarakter daşıyır. Eyni zamanda ölkədəki informasiya təhlükəsizliyinə zidd kibercinayətkarlıqdır. Əslində, bu hücumlar Azərbaycan iqtidarının beynəlxalq nüfuzuna zərbədir və kiber hücumların kim tərəfindən edildiyi aydınlaşmalıdır. Amma güman etmirəm ki, bu hücumlar siyasi xarakterlidir. Düşünərəm ki, bu sağlam rəqabət apara bilməyən rəqiblərimizin işidir. Təxmini şübhələrimiz var, amma ad çəkmək istəmirəm” - deyə, Arifoğlu bildirib.