ABŞ Dövlət Departamenti Suriya prezidenti Bəşər Əsədin yanvarın 6-da səsləndirdiyi sülh planına münasibət bildirib.
Qurumun sözçüsü Viktoriya Nuland deyib ki, Bəşər Əsədin 6 yanvar təklifi hakimiyyətdən yapışmaq cəhdidir: "Bəşər Əsədin sülh planı reallıqdan uzaqdır və yalnız Suriya xalqını qanda boğmaq siyasətinin davam etdirilməsinə yönəlib”.
Rəsmi Vaşinqton rəsmisi Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu bildirib. Yanvarın 6-da Dəməşq Opera Teatrında çıxış edən Bəşər Əsəd yeni koalision hökumət formalaşdırılmasını, daha sonra seçkilərin keçirilməsini təklif edib. O, müxalifətlə anlaşma əldə olunacağı halda ümumi amnistiya elan ediləcəyini, milli birliyə və ölkənin bütünlüyünə əsaslanan xartiyanın referenduma çıxarılacağını bildirib. 2011-ci ilin martından Suriyada xalq üsyanı gedir. Tələb Bəşər Əsədin istefasıdır. İndiyəcən 60 minə yaxın adam həlak olub. Bəşər Əsəd prezident postunu 2000-ci ildən tutur. 1971-2000-ci illərdə isə ölkəyə onun atası Hafiz Əsəd rəhbərlik edib. Hazırda dünyanın 100-dən çox ölkəsi, o cümlədən ABŞ, Avropa Birliyi dövlətləri müxalif Suriya Milli Koalisiyasını yeganə legitim hakimiyyət kimi tanıyır. |