Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 6 » Adambaşına düşən neft gəlirləri: xaricdə və bizdə
11:47
Adambaşına düşən neft gəlirləri: xaricdə və bizdə

Ekspertlər Neft Fondunun xərcləmələrinin artması və adambaşına düşən neft gəlirlərinin müqayisəsində birmənalı fikirdə deyillər

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri artmaqda davam edir. Bu artım Fonddan xərcləmələrin çox böyük templə artması fonunda baş verir. Gələn ilin dövlət büdcəsi üçün Fonddan transferlərin artırılması bir çox ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Bundan başqa, ölkənin neft gəlirlərinin adambaşına düşən məbləği də maraq doğuran məsələlərdəndir. Bu məsələlərə ekspertlərin köməyi ilə aydınlıq gətirməyə çalışdıq.

ARDNF mətbuat xidmətinin yaydığı məlumatda göstərilir ki, cari il dekabrın 1-nə Fondun aktivləri 33 milyard 895 milyon dollar təşkil edib. Qeyd edək ki, Fondun son rüblük hesabatına görə, 2012-ci il 1 oktyabr tarixinə ARDNF-ın aktivləri 33 milyard 192 milyondan çox olmuşdu. Bu hesabla 2 ay müddətində Fondun aktivləri 2,1 faiz və ya 702 milyon dollar dəyərində artıb. Başqa sözlə, IV rübün ilk 2 ayı ərzində Neft Fondunun aktivləri orta hesabla hər gün üçün 11,52 milyon dollar artıb.

Neft Fondunun aktivlərinin artımının Dövlət Statistika Komitəsinin göstərdiyi əhali sayına (9 milyon 235 min nəfər) adambaşına hesabı ilə düşən nisbəti cəmi 1,24 dollar təşkil edir. Bəs ümumiyyətlə, Neft Fondunun kapitalının demək olar ki, 95 faizinin formalaşdırılmasını təşkil edən mənfəət neftinin adambaşına düşən nisbəti necədir? 

Bu suala Neft Araşdırmaları Mərkəzinin ("Caspian Barrel”) eksperti İlham Şaban belə cavab verir.
III rübün hesabatına əsasən, Fonda daxil olan gəlirlərin 9 milyard 625 milyon 700 min manatı neft və qaz sazışlərinin həyata keçirilməsinin payına düşüb. Lakin qaz çox cüzi hissəni təşkil etdiyindən, faktiki olaraq, buna neft gəlirləri kimi baxaq olar. Yəni, gündəlik olaraq Neft Fondunda neftdən gələn gəlirlər adambaşına 3 manat 81 qəpik və ya 4 dollar 87 sent təşkil edir.

Son 5 ildə Azərbaycan hökuməti Neft Fondundan 35 milyard 372 milyon 583 min manat (hazırkı kursla 45 milyard dollardan çox) dəyərində vəsait xərcləyib.
Neft Fondunun illər üzrə xərcləri cədvəl üzrə belədir (min manatla):

2008 - 4 291 751,4
2009 - 5 294 496,6
2010 - 5 428 431,2
2011 - 9 606 600,0
2012 - 10 751 304,0

Digər neft ölkələrinin neft gəlirlərindən adambaşına düşən məbləği bizdəki ilə müqayisə edən ekspert bildirdi ki, biz bu sahədə xeyri geridəyik: "Norveçin Neft Fondunun aktivləri cari ildə 600 milyard dollarlıq həddi keçdi. Bu ölkənin əhalisi 1 yanvar 2012-ci il tarixinə cəmi 4 milyon 986 min nəfər olub. Bu minvalla hər Norveç vətəndaşına orta hesabla Neft Fondundakı aktivdən 120 336 dollar düşə bilərdi. 

Azərbaycanda isə 1 dekabr tarixinə hesablasaq, hər vətəndaşa görə cəmi 3670 dollar neft sərvəti var. Yəni, Norveçdən 32,8 dəfə az.

Yaxud Küveytin əhalisi 3 milyon nəfərə çatmasa da, onun neftdən əldə etdiyi gəlir son 2 ildə stabil olaraq 86-90 milyard arasında dəyişir. 1 yanvar 2012-ci il tarixinə Birləşmiş Ərəb Əmirliklərində faktiki olaraq 7 milyon 316 min insan yaşasa da, onlardan yalnız 947 min 997-nin vətəndaşlıq hüququ olub. 

BƏƏ gündəlik 2 milyon 390 min barrel neft ixrac edərək 90 milyard dollardan çox gəlir əldə etsə də, neft onun iqtisadiyyatında önəmli yer tutmur. ÜDM-in 25, ixracatın isə 40 faizini təşkil edir. Bu baxımdan fikrimizcə, Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksək standartlar səviyyəsinə çatdırılması üçün neft gəlirlərinə ümid bağlamaq heç də düzgün olmazdı”.

Milli Məclisin keçmiş deputatı, iqtisadçı-ekspert Nazim Məmmədov isə deyir ki, burda birmənalı fikir söyləmək olmaz: "Dövlət Neft Fondunun gəlirlərinin birbaşa insanların şəxsi gəlirlərinə təsir edəcəyini düşünmək sadəlövlük olardı, çünki onun əsasnaməsində belə bir mexanizm yoxdur. Ancaq Neft Fondunun vəsaitinin infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsinə transfer olunmasının özü özlüyündə əhalinin sosial vəziyyətinə dolayı yolla müsbət təsiri var”. 

Ekspertin fikrincə, indiki zamanda əsas məsələ Fonda toplanan vəsaitlərin effektiv idarə olunması və gələcək nəsillərə ötürülməsi çox vacibdir: "Ona görə də bu məsələ prioritet olmalıdır. Təəssüf ki, bu məsələlərdə kifayət qədər şəffaflıq olmadığından və ya məlumatsızlıq ucbatından cəmiyyətdə mənfi rəy formalaşıb”.

İqtisadçı hesab edir ki, neft istehsalı azalmağa doğru gedəcək ki, bu proses də ABƏŞ-dən və ARDNŞ-dən büdcəyə ödənilən vergilərin azalmasına səbəb olacaq, bundan başqa Neft Fondunun üzərinə böyük yük düşəcək: "Hökumət bundan nəticə çıxarıb qeyri-neft sektoruna diqqəti daha da artırmalıdır. Qeyri-neft sektorunda isə kölgə iqtisadiyyatınin səviyyəsi real vergiyə cəlb olunan iqtisadiyyatdan 3 dəfə çoxdur. Bu məsələlər həll edilsə, Neft Fondundan böyük həcmli transferlərə ehtiyac qalmaz”.

İqtisadçı-ekspert Aydın Hüseynovun fikrincə, Neft Fondu Azərbaycanın inkişafının və təminatlı gələcəyinin qarantıdır: "Dövlət Neft Fonduna yığılan vəsaitlər təbii ki, ölkənin strateji ehtiyatlarıdır, lakin bu Fonddan müəyyən qədər cari xərclərə də ayrılmasına ehtiyac var. Fonddan maliyyələşən layihələr ölkəmizə daha çox əlavə gəlir qazandıracaq, nəinki o pulların hamısının saxlanması. Bu vəsaitlərin bir qisimindən istifadə etmək ölkə iqtisadiyyatına qoyulan investisiyalar öz bəhrəsini artıq verir və gələcəkdə daha çox verəcək”.

Ekspert hesab edir ki, fonddan dövlət büdcəsinə transferlərin artması təhlükəli deyil: "Dünyada iqtisadi maliyyə böhranı hökm sürür, bu vəziyyətdə neft gəlirlərinin quru kağızda saxlanmasındansa, onların bir hissəsinin ölkənin problemlərinin həll edilməsinə, real iqtisadiyyata sərmayə qoyulmasına sərf etmək daha agıllı addımdır. Məgər o vəsaitlərlə tikilən zavodlar, fabriklər, sosial obyektlər, müasir infrastrukturlar, məktəblər gələcək nəsillərə çatmayacaqmı? Onların verdiyi xeyir daha çox olacaq, nəinki indiki qlobal maliyyə böhranında vəsaitlərin hamısının toxunulmadan risklə və aşağı faizlə xaricdə saxlamağın. Neftdən asılılığı azaltmaq üçün iqtisadiyyatın diversifikasiyalaşdırılmasına ehtiyac var, bunu da öz vəsaitlərimizlə edə biləcəyimiz halda xaricdən kreditmi götürməliyik? Bu baxımdan hesab edirəm ki, hökumətin neftdən gələn gəlirlərin bir hissəsini qeyri-neft sektorunun inkişafına sərf eləməsini uzaqgörən siyasət saymaq olar”.

Category: Araşdırma | Views: 699 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Tuesday, 03.12.2024, 22:22
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012