Berlin zenit-raket batareyalarını Kahramanmaras vilayətinə yollamağa hazırlaşır Almaniya Patriot hava sipərinin quraşdırılması üçün Türkiyəyə 2 batareya yollanması üzrə hazırlıq işlərinə başlayıb. NATO Suriyadan gələn kimyəvi silah hücumu təhlükəsi fonunda, 2 ay əvvəl Türkiyədə Patriot zenit raket sisteminin qurulmasına qərar verib. Razılaşmaya əsasən, ABŞ, Almaniya və Hollandiya raket əleyhinə müdafiə sistemini müvafiq ehtiyat hissələri və şəxsi heyətlə təchiz etməyi öhdəsinə götürüb. ABŞ qoşunları artıq Türkiyə ərazisində Patriot sipərinin quraşdırılması işlərinə start verib. Zenit-raket sisteminin ABŞ-a məxsus batareyalarının cari ayın sonuna tam işlək vəziyyətə gətiriləcəyi gözlənilir. NATO-nun verdiyi açıqlamaya əsasən, Almaniyanın hərbi kontingenti Suriya sərhədindən 100 kilometr aralıda yerləşən Kahramanmaras əyalətində mərkəzləşəcək. Amerikalıların şimalda Qazientəpə, Hollandların isə Adanada qərarlaşacağı xəbər verilir.
Xatırladaq ki, NATO 2 ay əvvəl Türkiyənin vəsatətinə müsbət cavab verərək, Türkiyənin havadan müdafiə olunması üçün Patriot zenit-raket sisteminin qurulmasına qərar verib. Suriyanın kimyəvi başlıqları daşımağa qadir olan artileriya mərmilərinə və orta mənzilli raketlərə sahib olduğu güman edilir. Ölkədə kimyəvi silah arsenallarının olması faktını Rusiya tərəfi belə təsdiq edib. Qırğın silahları arasında ən təhlükəliləri Sovet dövrünün Skarab və Skad tipli raketləri hesab olunur ki, adı çəkilən silahların əsas təyinatı nüvə başlıqlarının daşınmasından ibarətdir. Türkiyə ölkə sərhədlərini potensial kimyəvi hücumdan qorumağa çalışsa da, Suriyalı müxaliflər artıq ölkədə ara-sıra bombardmanlar zamanı kimyəvi silahlardan istifadə olunduğunu iddia edir. NATO belə ötən ay Suriya ordusunun Skad tipli raketlərdən istifadə etdiyi faktını təsdiqləyib.
|