Rayon Polis İdarəsindən verilən məlumata görə, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12-də yaşayan Natiq Qocayevin ailəsi 2012-ci ilin son günü heç vaxt unutmayacağı hadisə yaşayıb. Gecə saatlarında maskalı şəxslər onun evinə basqın ediblər. Maskalılar onun qoca atası Həsən Qocayevi ağır yaralayıb evi qarət ediblər.
Cinayəti törətməkdə şübhəli bilinən 19 yaşlı Türkmənistan vətəndaşı Yusup Allanurov, Azərbaycan vətəndaşları Tural Quliyev və İbrahim Abışov qandallanıblar.
Y.Allanurov istintaqa ifadəsində Natiqin evinə qisas almaq üçün basqın etdiyini deyib. Onu qisasa vadar edən isə xalasının əri olan Natiqin onu bir neçə gün əvvəl işdən qovmasıdır. Onun sözlərinə görə, Y.Allanurov Natiqə məxsus mağazada satıcı işləyirmiş. Natiq isə onu işdən çıxarıb. Buna əsəbləşən Yusup qisas almaq fikrinə düşüb. Tanışları İbrahim və Turalla plan hazırlayaraq Natiqin evinə soxulublar.
Plana əsasən, İbrahim və Tural başına qara maska taxmalı, Yusup isə üzü açıq formada özünü qohumuna göstərərək qapının açılmasına şərait yaratmalıymış. Belə də ediblər. Qapının arxasında maskalılar gizləniblər, Yusup isə qapının zəngini basıb.
Natiqin atası Həsən Qocayev yuxudan oyanaraq qapını açıb. Bu zaman İbrahim taxta parçası ilə kişini vuraraq yıxıb. Sonra onlar evə girərək döşəyin altından seyfin açarlarını götürüblər. Seyfi açaraq içərisində olan 3 000 dollar, 7500 manat və 100 manatlı danışıq kartlarını götürərək qaçıblar.
Yusup işin müqabilində İbrahim və Turala ümumilikdə 1500 manat verib.
Dəstə üzvləri ötən gün həbs ediliblər. Maraqlısı odur ki, Y.Allanurov Türkmənistana qaçarkən hava limanında qandallanıb. Başına maska taxaraq qoca kişini yaralayan İbrahimi isə polis evlərində tutub. Evdə axtarış aparan polisdən gizlənmək istəyən İbrahimi əməliyyatçılar soyuducunun içərisində tapıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.