Main » 2013 » January » 1 » FRANSANIN AZƏRBAYCANDA “GÜLƏRQEYT” ƏMƏLİYYATI
15:02 FRANSANIN AZƏRBAYCANDA “GÜLƏRQEYT” ƏMƏLİYYATI |
Elşad Abdullayevi hansı kəşfiyyat qoruyur? Keçmiş rektorun köməkçisinin açıqlaması ilginc ipucları verir; Fransa kəşfiyyatı video-kompromatların bütün detallarını bilir; diqqətlər bir daha qalmaqalın geosiyasi tərəflərinə yönəlir; bu ölkənin xüsusi xidmət orqanlarının strukturu ilk dəfə saytımızda!
Keçmiş ABU rektoru, bir-birinin ardınca qalmaqallı video-kompromatlar yayaraq aylardır Azərbaycan siyasi gündəmini tamamilə zəbt etməyə nail olan Elşad Abdullayevin Fransa xüsusi xidmət orqanlarının qoruması altında olduğuna dair yeni ipucları var. Keçmiş rektorun köməkçisi Elnur Məcidlinin verdiyi açıqlamaya əsasən E.Abdullayevlə bağlı bu ölkədə xüsusi mühafizə proqramı tətbiq olunur. Hansı ki, belə proqram ancaq Fransa dövləti üçün xüsusi əhəmiyyət kəsb edən şəxslər üçündür. E.Məcidli "Gülərqeyt” qalmaqalının əsas şahidlərindən olan Sevinc Babayevanın Türkiyədə müəmmalı ölümündən sonra onların mühafizəsinin necə təşkil olunduğu barədə danışarkən bildirib ki, Fransa dövləti onların bütün həyatını nəzarət altında saxlayır: "Fransa hökuməti bizim telefon danışıqlarımızı da izləyir. İP kodu var. Onun sayəsində harada olduğumuzu bilirlər. Bizdə konkret bir nömrə var ki, həyatımıza hər hansı təhlükə hiss edən kimi ora zəng edirik və 10 dəqiqə sonra bizə mühafizə gəlir”. Şübhəsiz ki, bu detallar keçmiş rektorun və köməkçisinin mühafizəsinin təşkili ilə bağlı bütün proqramı əks etdirmir. Qərb xüsusi xidmətlərinin bu cür vəziyyətlərdə xüsusilə mühüm əhəmiyyət kəsb edən şahidləri və şəxsləri necə qoruduğu barədə məlumatlı olan ekspertlərin fikrincə, Fransa dövlətinin keçmiş rektor və onun köməkçisi ilə bağlı tətbiq etdiyi xüsusi mühafizə proqramı daha genişdir. Həmin proqramın tətbiqi E.Abdullayevi və köməkçisini bütün risklərdən qorumağa imkan verir. Hazırda keçmiş rektorun Fransadan rəsmi olaraq siyasi sığınacaq almamasına baxmayaraq, onun qorunması üçün bu cür xüsusi proqramın tətbiqi onu göstərir ki, "Gülərqeyt” qalmaqalı bu ölkənin xüsusi xidmətləri tərəfindən bütün detalları ilə izlənir. Üstəlik ehtimal var ki, Fransa xüsusi xidmətləri hələ qalmaqal başlamamışdan, yəni E.Abdullayevin keçmiş deputat Gülər Əhmədova ilə mandat bazarlığını əks etdirən birinci videonu yaymazdan əvvəl onu mühafizə altına alıb. Əks halda keçmiş rektor bu cür qalmaqalı başlatmağa risk etməzdi. Nəticədə E.Abdullayevin sığınacaq üçün məhz Fransanı seçməsinin də təsadüf olmadığı barədə ehtimallar güclənmiş olur.Xəbər verildiyi kimi, Azərbaycan hakimiyyəti E.Abdullayevi Fransadan almaq, yaxud ən azından ona təzyiq edərək susdurmaq üçün müəyyən cəhdlər edib. Keçmiş rektor ötən həftə verdiyi açıqlamalardan birində bu məlumatları təsdiq edərək deyib ki, Bakının Fransa Senatının 3 üzvü və digər kanallar vasitəsilə onu neytrallaşdırmaq cəhdlərindən xəbərdardır. Onun sözlərinə görə, Fransa hüquqi dövlətdir və bu səylər heç bir nəticə verə bilməz. Belə görünür və məlum olur ki, E.Abdullayevin Fransada təhlükəsizliyinə tam təminat verilməsi dövlət səviyyəsində həll olunmuş məsələdir. Yəni söhbət Fransa dövlətinin E.Abdullayevin vasitəsilə Azərbaycanda "antimafiya əməliyyatı” başlatdığı görünür. Fransanın "ərəb baharı”na ən fəal dəstək verən ölkə olduğu nəzərə alınarsa bu əməliyyatın arxasında geosiyasi maraqlar, Fransanın Cənubi Qafqazla bağlı maraqları dayana bilər. Başqa sözlə, Fransa Azərbaycan hakimiyyətindəki "Köhnə qvardiya”nın sökülməsində və islahatların həyata keçirilməsində maraqlı görünür. Bəs Fransanın xüsusi xidmət orqanlarının strukturu necədir və E.Abdullayevin mühafizəsini konkret hansı struktur üzərinə götürə bilərdi? İnternet mənbələrində yer alan materiallara əsasən, Fransa dünyanın ən mürəkkəb struktura malik xüsusi xidmətlərindən birinə malikdir. Məlum olur ki, Fransanın ümumi kəşfiyyat cameəsinin əməkdaşlarının sayı 12800 nəfərə yaxındır. Bu əməkdaşlar üç müxtəlif nazirliyə tabe olan bir neçə strukturda çalışır. Təkcə Fransa Müdafiə Nazirliyinin tabeçiliyi altında üç müxtəlif xüsusi xidmət strukturu var. Bunlardan ən irisi DGSE-Xarici Təhlükəsizlik Baş Direksiyasıdır. Onun büdcəsi milyardlarla dollardır, bir neçə il əvvələ olan məlumata əsasən, 5 minə yaxın əməkdaşı var. Onlardan üçdə ikisi mülki şəxslər, qalanları hərbçilərdir. Müdafiə Nazirliyinin tabeçiliyində həmçinin 1992-ci ildə yaradılan Hərbi Kəşfiyyat Xidməti (DRM) və 1981-ci ildə yaradılan Əks-Kəşfiyyat Xidməti (DPSD) yerləşir.Müdafiə Nazirliyinin tabeçiliyində olan strukturlardan başqa Fransa Jandarmeriyasının da özünün kəşfiyyat xidmətləri var. Daxili İşlər Nazirliyinə isə iki xüsusi xidmət strukturu tabedir. Onlardan birincisi II Dünya Müharibəsindən sonra yaradılıb, Əks-Kəşfiyyat Xidməti (DST) adlanır və 1500-dən çox əməkdaşı var. Bundan əlavə daxili təhlükəsizliyə cavabdeh olan Baş Kəşfiyyat Xidməti (DCRG) də Daxili İşlər Nazirliyinə tabedir, onun 3500-ə yaxın əməkdaşının olduğu təxmin edilir. Hər iki struktur Milli Polis Baş Direksiyası (DGPN) adlanan qurumda birləşib. Bundan əlavə DGPN-in tərkibində terrorçuluqla mübarizə üzrə koordinasiya mərkəzi-UCLAT yerləşir. Fransanın maliyyə və iqtisadiyyat Nazirliyinin də özünün xüsusi xidmət strukturu var. Bu xüsusi xidmətin kəşfiyyat siyasətində rolu barədə çox az məlumat var, ehtimallara görə onun əsas vəzifəsi maliyyə kəşfiyyatı ilə bağlıdır. 2007-ci ilədək Fransa kəşfiyyat strukturları üzərində parlament nəzarəti mövcud olmayan yeganə demokratik ölkə idi. Həmin il parlament kəşfiyyat üzrə parlament nümayəndə heyəti formalaşdırmaq barədə qərar verib, heyətin tərkibinə dörd deputat və dörd senator daxildir.Beləliklə, E.Abdullayevin Fransa Jandarmeriyasının Daxili İşlər Nazirliyinin xüsusi xidmət strukturları tərəfindən mühafizə olunduğu ehtimal edilə bilər, lakin istisna deyil ki, "Gülərqeyt” qalmaqalı ilə digər xüsusi xidmət strukturları da məşğuldur.
|
Category: Siyasət |
Views: 646 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|