Sabiq deputat Gülər Əhmədovanın böyük oğlu hərbi xidmətə çağırılıb. Məlumatı Haqqin.az saytı etibarlı mənbələrə istinadən yayıb. Sabiq deputatın oğlu Toğrul Əhmədov ABŞ-da təhsil alıb və hazırda Maliyyə Nazirliyində işləyir. Məlumata görə, Toğrul Əhmədov prokurorluğa çağırılıb və onu hərbi xidmətə çağırışdan boyun qaçırmaqda ittiham ediblər. Dərhal Toğrul Əhmədov hərbi xidmətə çağırılıb və cəbhə bölgəsinə göndərilib. Haqqin.az yazır ki, ərinin işdən çıxarılması və oğlunun hərbi xidmətə çağırılması Gülər Əhmədovaya qarşı son təzyiq tədbiri deyil. Kimsə sabiq deputatı küncə sıxışdırmağa və Elşad Abdullayevin ittihamlarına görə məsuliyyəti üzərinə götürməyə vadar etməyə çalışır. Sevinc Babayevanın oğlu tərəfindən Gülər Əhmədovaya qarşı başladılan kampaniya da xəbərdarlıq məqsədi daşhıyır. Keçmiş deputata xatırladılır ki, özünü sakit aparmasa, Sevinc Babayevanın ölümü ilə bağlı istintaq araşdırmaları da onun əleyhinə çevrilə bilər. Nüfuzlu qüvvə bir tərəfdən şübhələri öz üzərində dağıtmaq, hər şeyi artıq vurulmuş adamın üzərinə atmaq istəyir, digər tərəfdən, Gülər Əhmədovanı qorxutmağa çalışır. İstənilən halda, rüşvət videoları ilə bağlı işin sonu hələ qabaqdadır və bizi gələcəkdə çox sürprizlər gözləyə bilər.
|