BVF başçısı dollar və avro iqtisadi zonalarının qeyri-sağlam olmasını vurğulayıb Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristin Laqard Amerika Birləşmiş Ştatları və Avropanın iqtisadiyyatında qeyri-stabil vəziyyətin davam etməsi ilə bağlı xəbərdarlıq edib. Malavidə çıxışı zamanı Laqard hər iki iqtisadi zonanı qeyri-sağlam zona adlandırıb və burada yarana biləcək iqtisadi geriləmənin bütün dünyaya təsir edəcəyini qeyd edib. «Amerika Birləşmiş Ştatları və Avropa kimi dünyanın iki aparıcı iqtisadi zonasında geriləmə müşahidə olunarsa, bu, bütün dünya ölkələri üçün təhlükəli olacaq. ABŞ və Avropa ölkələrinin dünyanın bir çox ölkələri ilə ticari, maliyyə və digər iqtisadi əlaqələri var. İqtisadi zəifləmə zamanı bu əlaqələr zəifləyə və kəsilə bilər. ABŞ rəhbərliyi bu cür ssenarinin qarşısını almaq üçün vaxtında tədbir görməli və beynəlxalq cəmiyyətə dəstəyini ifadə etməlidir. Əks halda, bunun nəticələri ağır olacaq» - deyə Laqard sözlərini ifadə edib.
|