"Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək ailəmizə üz vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm”. Bu sözlər Daşkəsəndəki N saylı hərbi hissənin mərhum əsgəri Ceyhun Qubadovun anası Samirə Qubadovanın APA-ya gönədrdiyi ictimaiyyətə müraciətində əksini tapıb.
S. Qubadova müraciətində daha sonra yazır: "Mən Azərbaycan dövlətinə, onun prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar.
Bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir. Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı bir aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”.
Qeyd edək ki, Samirə Qubadova bir gün əvvəl tamam fərqli bəyanatlar vermişdi. O, ictimaiyyətə ötən günkü müraciətində belə demişdi: "Bütün analara üzümü tutub deyirəm. Bu gün mənim balam qurban oldu. Sabah sizin də balanızın başına bu kimi şeylər gələ bilər. Gəlin bunun qarşısını alaq. Hamımız əl-ələ verib cinayətkarların cəzalandırılmasına nail olaq. Biz susmayacağıq. Bizi sabah Respublika Prokurorluğuna çağırıblar. Baş prokurorun bizi qəbul edəcəyini deyirlər. Görək onlar nə deyir. O görüşün nəticəsindən asılı olaraq hərəkət edəcəyik”. Samirə xanım ona və ailəsinə dəstək olan hər kəsə xüsusi minnətdarlığını bildirmiş və yanvar ayının 12-də gənclərin təşəbbüsü ilə keçiriləcək aksiyaya şəxsən özünün qatılacağını demişdi. Görünür, baş prokuror Zakir Qaralovla görüşdə öldürülən əsgərin anasına susmaq tapşırılıb./