Məşhur aktyor və Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevə qarşı vergidən yayınmaqla bağlı irəli sürülən ittihamlara qarşı etiraz aksiyası keçiriləcək. Aksiya yanvarın 26-da saat 4-də Vergilər Nazirliyinin qarşısında keçiriləcək. Artıq Facebook sosial şəbəkəsində bununla bağlı səhifə yaradıblar.
Modern.az saytının xəbərinə görə, hüquq müdafiəçisi Laçın Məmişov açıqlamasında aksiyanın təşəbbüskarının o olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi başlanıb. Vergilər Nazirliyinin İstintaq İdarəsi Kinematoqrafçılar İttifaqına qarşı açılmış cinayət işi çərçivəsində qurumu istintaq edir. Rasim Balayev isə mətbuata açıqlamasında bildirib ki, istintaqa çağırılıb. "Düzdür, istintaqa getməmişəm. Deyilənə görə, biz festival zamanı nəyəsə görə təxminən 30 min manat civarında pul ödəməliymişik. Biz də izah elədik ki, bundan xəbərsiz olmuşuq. Yazılı şəkildə bildirdik ki, ödəməkdən boyun qaçırmırıq, imkan olan kimi ödəyəcəyik. Amma 30 min manatı Mədəniyyət və Turizm Nazirliyi ödəməlidir. Biz nazirliyə müraciət eləmişik. Amma hələ də səs-soraq yoxdur”.