Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 15 » "Şəhidlər Xiyabanı"nda Qarabağ şəhidlərinin məzarları niyə gizlədilir
17:41
"Şəhidlər Xiyabanı"nda Qarabağ şəhidlərinin məzarları niyə gizlədilir

Qarabağ şəhidlərinin ailələri tərəfindən şəhid qəbirlərinin Şəhidlər xiyabanından başqa bir əraziyə köçürmək istəyi səslənir. Buna səbəb xiyabanda Qarabağ şəhidlərinin məzarları qarşısında əkilən şam ağaclarıdır. Belə ki, yeni əkilən ağaclar hasar kimi şəhid məzarlarının qarşısını kəsir. Yəni Qarabağda can qoyan igidlərin qəbirləri görünməz qalır. Xatırlayırsınızsa, hələ 2 il öncə burda şam ağacları əkiləndə bir qrup şəhid anası buna narazılıqlarını bildirmiş, giley-güzar etmişdi. O zaman körpə olan bu ağaclar indi böyüyərək meşəliyə çevrilib, Qarabağ müharibəsi qəhrəmanlarının qəbirlərinin görünməsinə əngəl olub. Xiyabana ayaq basarkən sanki burada uyuyan şəhidlərimizin yalnız 20 yanvar hadisələrində həlak olan insanlardan ibarət olduğunu zənn etmək olar. Nəzərə alsaq ki, and yerimiz olan Şəhidlər xiyabanını həm də xaricdən gələn qonaqlarımız ziyarət edir, o zaman Qarabağda həlak olan şəhidlərimizin qəbirlərinin küknarlar arasında gizlədilməsini onlara qarşı haqsızlıq və ayrı-seçkilik kimi qiymətləndirmək olar. Hətta bir sıra şəhid ailələri belə getsə, öz doğmalarının qəbirlərini buradan köçürəcəklərini deyirlər.

 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da məsələnin ciddi olduğunu deyərək bildirdi ki, ya həmin şəhid qəbirləri köçürülməli, ya da ağaclar seyrəkləşdirilməlidir: 
"Üç il bundan əvvəl Şəhidlər xiyabanında yenidənqurma işləri aparılarkən yeni ağaclar əkildi. Xiyabana girişdə sağ və sol tərəfdə Qarabağ şəhidlərinin qəbirləri yerləşir. Onların qarşısına ağaclar əkdilər və həmin yaşıllığı çox sıx əkdilər. Belə olan halda həmin şəhid məzarları görünməz oldu. O vaxtları bu məsələ bizim də diqqətimizi cəlb etdi. Bununla bağlı mətbuata çıxış etdik, Bakı Şəhər İcra Hakimiyyətində də məktubla müraciət etdik ki, həmin ağacları seyrəltsinlər. Sonra Şəhid Ailələrinin Hüquqlarını Müdafiə Cəmiyyətinə də əlaqə saxladıq ki, bir yerdə müəyyən addımlar ataq. Əgər nəticə verməsə, özümüz həmin ərazidəki ağacları seyrəldək. Onlar bundan imtina etdilər. Dedilər ki, bu məsələnin siyasiləşməsini istəmirik. Ona görə də bizim də əlimiz-qolumuz bağlandı”. 


Bir müddət öncə də bu barədə öz etirazlarını bildirdiklərini söyləyən QAT sədri onu da dedi ki, bu məsələyə indi də mövqelərini bildirəcəklər. O, hesab edir ki, bu barədə şəhid ailələri də öz münasibətlərini də bildirməlidirlər. Akif Nağının fikrincə, ya həmin şəhid qəbirlərinin köçürülməli, ya da ağaclar seyrəkləşdirilməlidir. Xiyaban ərazisində kafe və ya restoranın tikilməsinə də münasibət bildirən QAT sədri dedi: 
"Bildiyimə görə, funiklyorun yenidən qurulması üçün tikinti işləri gedir. Amma inanmıram ki, həmin ərazidə kimsə kafe və ya restoran tiksin. Həmin ərazidə gənclər üçün atıcılıq mərkəzi var idi. Eşitdiyimə görə, həmin mərkəzi də bağlayıblar. Həmin atıcılıq məktəbi tipli məşğələlər olmalıdır. Amma orda hər hansı bir kafenin, restoranın tikilməsinə inanmıram. İnanmıram ki, kimsə belə bir addım atsın. Əgər belə bir şey olarsa biz də öz mövqeyimizi bildirəcəyik”. 

Millət vəkili Elman Məmmədov da ağacların şəhidlərin məzarları önündə əkilməsinə və həmin ağacların onların məzarlarını gizlətməsinə etirazını bildirdi. Dəfələrlə buna öz etirazını bildirən millət vəkili məsələni yenə də Milli Məclisin yaz sessiyasında gündəmə gətirəcəyini söylədi: 
"Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin basdırıldığı ərazidə 12 Xocalı şəhidinin məzarı da var. Mənim anamın qəbri də ordadır. Həmin ağacların şəhidlərin qarşısında bir divar kimi əkilən vaxtı bütün şəhid ailələri kimi mən də öz etirazımı bildirmişdim. İndi də şəhid ailələrinin etirazlarına qoşuluram. Bilmirəm kimə lazımdır bu, nə üçündür? Bilmirəm ki, nəyə görə şəhidlərimizi gizlədirik, onların qarşısını örtməliyik? Niyə buranı ziyarət edənlər həmin qəbirləri görməməlidirlər?! Bu mənə də aydın deyil. Şəhidlər xiyabanı bizim qürur yerimizdir. Şəhid qəbirlərimizi təzə ayaq açan körpələrimiz də ziyarət etməlidir. Xarici ölkələrdən gələn qonaqlar da görsün ki Azərbaycan torpağı uğrunda nə qədər Azərbaycan övladı şəhid olub. Bunun qarşısına ağac əkərək sədd yaratmağın nə mənası var ki? Mən də bu məsələyə etiraz edənlərdən biriyəm. Mən istərdim ki, həmin işə cavabdeh, məsuliyyət daşıyan kimdirsə onlar deyilənlərdən nəticə çıxartsın. Onlar tək bir yerə yox bütün yerə, bütün şəhid qəbirlərinə yaxşı xidmət etsinlər”.


Xiyabanın aşağısında köhnə kafenin genişləndirilməsinə də münasibət bildirən millət vəkili həmin ərazidə nəyin tikiləcəyindən xəbərsiz olduğunu söylədi. Onun sözlərinə görə, orda kafenin tikilməsi qəbul olunmazdır: 
"Ora Şəhidlər xiyabanıdır, və orada türk əsgərlərinin də məzarları da var. Əvvəllər də mənim təklifim olmuşdu ki, Bakının ən görkəmli yerində soyqırım muzeyi yaradılsın. Mən də dəfələrlə təklif etmişdim ki, Şəhidlər xiyabanında tam kompleks halına düşməsi üçün Kirovun heykəli olan yerdə soyqırımı muzeyi yaradılsın, soyqırım abidəsi qoyulsun və xiyaban kompleks halına gətirilsin. Əgər orda kafe tikilirsə, bu qəbulolunmazdır. Çünki ora hüznlü yerdir. Bir dəfə bu barədə müvafiq quruma məktubla müraciət etmişəm. Bu məsələni yenə də gündəmə gətirəcəm”. 

"20 Yanvar” Cəmiyyətinin rəhbəri Fərman Məmmədov isə deyir ki, Şəhidlər xiyabanı aktiv sürüşmə zonası olduğundan orada ağac əkərək bərkitmə işləri aparıblar: 
"Ağac əkilirsə, bu o demək deyil ki, nəyisə gizlədirlər. Həmin ərazi sürüşmə zonası olduğundan ağaclar əkilir. Başqa bir şey ola bilməz. Bundan başqa Qarabağ şəhidləri basdırılan yerdə ağaclar çoxdan var. Ona görə də bunun məqsədli şəkildə edildiyini demək düz olmaz”. 
Xiyabanın aşağı hissəsində kafenin tikilməsi ilə bağlı məsələyə də münasibət bildirən Cəmiyyət rəhbərinin sözlərinə görə, həmin ərazidə gül əkilməsi ilə bağlı məlumatlar var: "Bir vaxtlar həmin kafeni mən işlədirdim. Sonra həmin kafeni mənim əlimdən aldılar ki, burda kafe işlətmək olmaz. Amma başqalarına işlətməyə verdilər. İndi həmin ərazidə dövlət səviyyəsində tikinti işi getdiyindən əraziyə heç kimi buraxmırlar. Heç həmin kafenin düzəlib-düzəlməyəcəyi barədə də məlumatım yoxdur. Bəlkə də həmin ərazidə kafe olmayacaq ”. 


Millət vəkili, şəhid ailəsi Flora Qasımova da xiyabanda ağacların seyrəkləşdirilməsinin tərəfdarıdır: 


"Bura xaricdən gələn qonaqların, yad millətlərin bizim nə qədər şəhid verdiyimizi görmələri üçün ağaclar seyrəkləşdirilməlidir. Xaricilərin də təkcə 20 Yanvar şəhidlərini görüb qayıtmaq düz deyil. Onlar da bilməlidirlər ki, biz nə qədər şəhid vermişik. Şəhid ailələrinin etirazlarını normal qarşılamaq olar. Amma onların məzarlarını başqa yerə köçürmələri düzgün yanaşma deyil. Onsuz da Azərbaycanlılar bilir ki, burda həm 20 Yanvar, həm də Qarabağ şəhidləri uyuyur. Amma xaricilərin bilməsi, müsibətlərimizi verdiyimiz şəhidlərimizi görmək üçün ağaclar seyrəkləşdirilməlidir ”. 

Category: Araşdırma | Views: 898 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 27.04.2024, 10:41
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012